
1995-ci ilin mart hadisələrindən 30 il keçir.
Newscenter.az xatırladır ki, həmin tarixlərdə bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi.
Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Qanlı döyüşlərdən sonra Xüsusi Təyinatlılar ("OMON"-çular) qalib gəldi və dövlət əhəmiyyətli binalar ələ keçirildi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı.
16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. 1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON" - çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.
Anar Əliyev