
Qazaxıstan Avrasiya İqtisadi İttifaqı və üçüncü ölkələrdən toyuq yumurtasının idxalını 6 ay müddətinə qadağan etmək niyyətindədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Açıq kənd təsərrüfatı” portalında dərc olunmuş əmrində deyilir.
İdarədən bildirilib ki, sərəncam layihəsinin qəbulu mənfi sosial-iqtisadi və hüquqi nəticələrə səbəb olmayacaq.
"Yumurta idxalına qadağanın tətbiqi Qazaxıstanda yumurta sənayesinin inkişafına müsbət təsir göstərəcək və açıq qiymət zəncirinin formalaşmasına şərait yaradacaq. Memorandum çərçivəsində ölkənin qərb bölgələrini təmin etmək üçün yumurtanın digər regionlardan tədarükü imkanı var, burada bazar iştirakçılarının sayı tənzimlənəcək" - deyə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Sərəncam layihəsi martın 20-dək müzakirə olunacaq və qəbul olunarsa, qadağa 2025-ci ilin aprelindən sentyabr ayına kimi qüvvəyə minəcək.
Qeyd edək ki, Qazaxıstanda 70 quşçuluq təsərrüfatı, o cümlədən 34 yumurta və 29 ət təsərrüfatı, 7 damazlıq təsərrüfatı fəaliyyət göstərir. Rəsmi statistikaya görə, 2024-cü ildə yumurta ixracı 43,2 milyon ədəd, idxalı 87,4 milyon ədəd təşkil edib, daxili bazar 99% yerli istehsalla əhatə olunub.
Mehman Mehdiyev