
İstanbul Böyükşehir Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun saxlanılması bir sıra ehtimalların ortaya çıxmasına səbəb olub. İmamoğlunun həbsindən sonra Türkiyədə nələrin baş verəcəyinə dair analitiklər tərəfindən müxtəlif proqnozlar verilir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Mütəllim Rəhimli məsələ ilə bağlı deyib ki, bu hadisə Türkiyənin demokratik imicinə zərər vuracaq:
"Özünə qarşı Avropa və ABŞ-nin əlinə ciddi arqument verəcək. Türkiyə qonşularında müəyyən suallar doğuracaq və tərəddüdlər yaradacaq. Ən yaxşı halda müəyyən qısa müddətdə".
Mütəllim Rəhimli qeyd edib ki, İmamoğlunun gələcəkdə Türkiyənin prezidentliyinə gedən yolu daha da açılacaq, ictimai rəydə reytinqi yüksələcək:
"Təbii ki, bu qarşıdurmada bacarıq və təsir faktoru nəzərə alınmaqla. CHP-nin reytinqi artacaq, təsir gücü çoxalacaq. Ətrafında müxalifətin koalisiyasını formalşadırmaq şansı yaranacaq. Türkiyədə siyasi barışmazlıq artacaq, cəmiyyətdə bölünmə dərinləşəcək. Siyasi gərginlik onsuz da ağır olan iqtisadi həyata mənfi təsir göstərəcək. Həmçinin, CHP ictimai rəyi ələ ala bilsə kütləvi müqavimət hərəkatı təşkil edəcək. Bu da İmamoğlunun tezliklə azadlığa qovuşması ilə nəticələnəcək".
Politoloq deyib ki, bundan sonra CHP AKP-ni növbədənkənar prezident və ya parlament seçkilərinə getməyə məcbur edən siyasət aparacaq:
"CHP rəhbərliyi iqtidarla separat danışıqlara gedəcəksə, İmamoğlu faktoru unutdurulacaq. Tərəflər məqsədli şəkildə alovlanmaqda olan emosiyaların üstünə "su səpəcəklər". Prezident Ərdoğan məsələyə müdaxilə edəcək və qısa müddətdə İmamoğlu azadlığa buraxılacaq. Sonda bunu da qeyd etmək lazımdır ki, İmamoğlunun həbsinə Ərdoğan təsadüfən qərar verə bilməz. Görünür, qarşıdakı hər bir çətin məqam üçün bir "B" planı fikirləşib.
Süleyman