
Türkiyədə davam edən siyasi qarşıdurma AKP-nin hakimiyyətə gəldiyi gündən Atatürk əleyhinə apardığı üstüörtülü dözümsüzlüyün nəhayət üzə çıxması ilə bitəcək. İki siyasi partiya arasında qarşılıqlı mübarizə Türkiyənin siyasi elitasının da dəyişməsinə gətirib çıxaracaq. AKP-nin xarici siyasətdəki uğurlarının daxili siyasətdə də uğurlu olması üçün CHP-nin təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, CHP artıq Türkiyənin inkişafının qarşısında maneə rolu oynayır. Beynəlxalq qlobalist güclərin təsir dairəsində olan CHP Türkiyə dövlətinin maraqlarının yox, xarici təsir mərkəzlərinin diktəsi ilə hərəkət edir. Türkiyənin əsas düşməni olan PKK/KCK ilə əməkdaşlıq edir.
CHP sıralarından ayrılıb AKP sıralarına keçən insanlar CHP-nin yolunun artıq şəxsi maraqlar olduğunu və Türkiyə dövlətinə ziyan vurduğunu anlayan insanlardır. CHP-nin ABŞ-dan idarə edildiyi, ABŞ-ın qlobalist dairələrinin əmrləri ilə oturub-durduğu FETO hadisələri zamanı daha aydın üzə çıxmışdı. Kılıçdaroğlunun rahat şəkildə televizorun qabağında əyləşib hadisələri izlədiyi, ona toxunulmayacağına arxayın olduğu, AKP rəqib partiya olsa da, CHP adından həmin qeyri-konstitusion hərəkətə reaksiya verməməsi onu deməyə əsas verirdi ki, CHP də bu çevrilişdə maraqlıdır. Bu isə FETO-nun arxasında duran ABŞ-nın təlimatı idi.
CHP müasir Türkiyənin yüz illik tarixində digər partiya və partiya rəhbərlərinə etdiyi özbaşınalıqların meyvəsini toplayır. Bu dəfə öz adına.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri