
"Aprel döyüşləri 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərə gedən yolun başlanğıcı idi. Məhz Aprel döyüşləri məğlubedilməz erməni ordusu mifini darmadağın etdi və Azərbaycan dövlətinin hərbi gücünü dünyaya nümayiş etdirdi".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Aprel döyüşlərinin 9-cu ildönümünə nəzər salarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiası və işğalçılıq niyyətinə düşən Ermənistan 2016-cı ilin aprel ayında yenidən Azərbaycan torpaqlarına hücum edərək yeni ərazilər işğal etməyə çalışdı:
"Lakin düşmənin niyyəti baş tutmadı. Ermənistan unudurdu ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan Ordusu 90-cı illərdə mövcud olan dövləti və ordudur. Bu illər ərzində Azərbaycan ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadi və hərbi potensialını kifayət qədər yüksəltmişdir. Bu isə özünü Aprel döyüşləri zamanı göstərdi. Azərbaycan Ordusunun əks hücumuna tuş gələn düşmən həm çoxlu sayda canlı itki verdi, həm də uzun illər işğal altında saxladığı strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyindən çıxarıldı".
Arzuman Muradlı qeyd edib ki, Ermənistan normal düşüncə tərzi ilə proseslərə yanaşa bilsəydi, Aprel döyüşlərindən sonra Azərbaycanla danışıqlara gedərək işğal altında saxladığı əraziləri azad edərdi:
"O zaman nə İkinci Qarabağ Müharibəsi, nə də darmadağın edilmiş Ermənistan Ordusu olardı. Bu tarixi səhvi o vaxtı Ermənistan rəhbərliyinə erməni cəmiyyəti bağışlamayacaq".
Süleyman