
"Məlumdur ki, bu səfər Almaniya Prezidenti Ştaynmayerin ölkəmizə ilk səfəri deyil. Ştaynmayer bundan əvvəl də Almaniya xarici işlər naziri qismində bir neçə dəfə ölkəmizdə səfərdə olub. 2007-ci ildə Azərbaycanda olarkən Ştaynmayer Azərbaycan və Almaniya arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq sahəsində və ümumiyyətlə Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mövqedən çıxış edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Almaniya prezidentinin ölkəmizə səfərini şərh edərkən səsləndirib. O deyib ki, sonrakı dövrdə, yəni 2014-cü ildə ölkəmizə səfəri çərçivəsində isə daha çox Qarabağ məsələsinin həlli prosesinə dəstək vermək və tərəflər arasında dialoqu təşviq etməklə bağlı Almaniyanın mövqeyini ortaya qoyub.
Politoloq onu da deyib ki, Ştaynmayerin budəfəki səfəri qalmaqallarla başladı:
"Onun sosial media profilində qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Amma Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxardı və rəsmi üzr istədi. Həmçinin səfər öncəsi Almaniya dövlət mediası olan "Deutsche Welle" Qarabağla bağlı erməni narrativlərini təkrarlayan sənədli film yayımlamaqla da vəziyyəti gərginləşdirmək cəhdləri etdi".
Politoloq hesab edir ki, amma bütün bunlara baxmayaraq bu səfər təbii olaraq təkcə Almaniya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir:
"Eyni şəkildə Avropa İttifaqı üçün də əhəmiyyətli səfərdir. Çünki Avropa İttifaqının aparıcı ölkələrindən birinin prezidentinin səfəri, region dövlətləri ilə münasibətləri inkişaf etdirməsi, Cənubi Qafqazda təsir imkanlarını artırmaq istəyən Avropa İttifaqı üçün də yeni imkanlar deməkdir".
Süleyman