Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Almaniya arasındakı münasibətlər qədim tarixə malikdir

Azərbaycan və Almaniya arasındakı münasibətlər qədim tarixə malikdir


Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur və bu münasibətlər qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Ticarət dövriyyəsinin artması, enerji, nəqliyyat və sənaye sahələrində birgə layihələrin reallaşdırılması, həmçinin investisiya qoyuluşları bu əlaqələrin möhkəmlənməsinə töhfə verir. Hər iki ölkə arasındakı əlaqələr ticarət, sənaye, mədəniyyət və təhsil sahələrində inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Humanitar sahədə əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlər, sərgilər və festivallar təşkil edilir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini daha da gücləndirir.
Azərbaycanın dünya birliyindəki nüfuzunun getdikcə artması artıq bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin reytinqi sürətlə yüksəlmişdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, həmçinin dünyanın bir sıra ölkələrinin bu işdə Azərbaycana dəstək verməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığının qəbul edilməsindən xəbər verir. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanatda “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir” deməsi Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin məntiqi nəticəsidir.
İki ölkə arasında münasibətlərin inkişafı, Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması iki ölkə arasında diplomatik münasibətlər qurulması, hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlığın həyata keçirilməsinə öz töhvəsini verdi. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirdi. Onu da qeyd edək ki, bu müddət ərzində Azərbaycan Prezidenti Almaniyaya 17 rəsmi və işgüzar səfər həyata keçirmişdir. Bu əməkdaşlıq hökumət və parlament başçılarının qarşılıqlı səfərləri zamanı daha da inkişaf etmişdir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir. Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir.
Azərbaycan Prezidenti əminliklə bildirdi ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcək. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. İqtisadi sahədə əldə edilmiş nəticələr barəsində də məlumat verildi. Qeyd edildi ki, bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Bu sahədə Azərbaycanın da çox böyük proqramı, planları var.
Prezident İlham Əliyev Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına uğurlu ev sahibliyindən də söhbət açıb. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu konfransa dünyada böyük maraq göstərilməsindən və uğurlu nəticələrlə zəngin olmasından xəbər verir: “Konfransda iştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da, təbii olaraq, təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. İki ölkə prezidentləri arasında keçirilən görüşdə bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırıldı. Bununla yanaşı, ölkəmizin 30 il ərzində erməni işğalından əziyyət çəkdiyi barədə də məlumat verildi. Qeyd edildi ki, bir milyondan artıq azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır”.
Görüşdə digər mühüm əhəmiyyətli məsələlər də müzakirə olunub. Əminik ki, səfər çərçivəsində müzakirə edilən məsələlər öz müsbət nəticələri ilə ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.

Tural Məmmədov
Xəbəri paylaş