
"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və onunla birlikdə 100 nəfərin həbsi ilə Türkiyədə yaranan siyasi gərginliyin tezliklə bitməsi gözlənilən deyil. Çünki məsələ göründüyü kimi heç də sadə və Türkiyə hüdudları daxilində deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP liderinin köməkçisi Əli Orucov səsləndirib. O deyib ki, burada kənar güclərin də müdaxiləsinin və təsirinin də olduğunu söyləmək mümkündür:
"Aydındır ki, Türkiyənin Ərdoğan hakimiyyəti dönəmində böyüməsi və dünyanın güc mərkəzinə çevrilməsi bir sıra xarici dairələri ciddi şəkildə narahat edirdi. Xüsusən də son dönəmlər Ankaranın Suriyada hərbi və siyasi tərəfdən möhkəmlənəcək İsraillə quru sərhəddə olması bu dövlət üçün də arzuolunmaz hal yaratmışdı. Avrasiya və Afrikada Türkiyə ciddi şəkildə nüfuz sahiblərindən birinə çevrilmişdi. Bütün bunlar isə təbii ki, seyriçi qalınacaq bir durum deyildi. Bununla belə Türkiyənin daha böyük hədəfləri var. Belə bir dönəmdə qəflətən İmamooğlu kartı dövrəyə sövq edilir və daxili gərginlik yaradılır. Bəziləri düşünür ki, AKP hakimiyyəti İmamoğlunu real və ciddi rəqib gördüyü üçün həbs etdirdi. Mən bu iddiaları əsaslı hesab etmirəm. Çünki İmamoğlunu həbsə atdırmaqla prezident Ərdoğan onun reytinqinin süni şəkildə sürətlə qalxmasına səbəb yaratmaz".
Əli Orucov deyib ki, Türkiyə prezidentinin təcrübəli, ağıllı və çevik siyasətçi kimi belə bir riskə getməsi ağlabatan deyil:
"Demək ortada daha ciddi və dövlətçilik üçün problemlərə yol acacaq məqamlar olub. Müşahidəçilərin fikrincə İmamoğlu İstanbulu sanki muxtar bir qurumun rəhbəri kimi idarə edib və bir çox hallarda mərkəzi dövlət hakimiyyət orqanları ilə hesablaşmayıb.
Özünüidarəetmə heç də muxtar idarəetmə anlamı demək deyil. Qələbələrdən baş gicəllənməsi, müəyyən nüfuzun olması iddiaları da artırır. Ancaq bu iddialar dövlətin təhlükəsizliyinə risqlər yaratmamalıdır. Təbii ki, istintaq və proseslərin gedişi həqiqəti üzə çıxaracaq və dərin qatlarda nələrin baş verdiyini aydınlaşdıracaq".
Əli Orucov onu da deyib ki, CHP ənənələri olan siyasi partiyadır və orda heç də hamı liberal və kosmopolit düşüncəsində deyil:
"Başqan Özəlin mitinqlərdə bəzi fikirlərini bəyənməsəm də düşünürəm ki, bu yanlış hesab etdiklərim məqamlar sonradan təkrarlanmaz. O, siyasətçi və partiya rəhbəri kimi Türkiyəyə görə nə qədər məsuliyyət daşıdığının fərqindədir. Atatürkün partiyası adlandırılan CHP-nin böyük öndərin yaratdığı Türkiyəyə qarşı çıxacağını, onu zəiflətməyə səbəb yaradacağını düşünmürəm. Könül istərdi ki, etirazlar da səngiyə, regiondakı hazırkı həssaslıq və Türkiyənin durumu nəzərə alınaydı. Şübhə etmirəm ki, belə də olacaq. Proseslərin bu cür axını onu nəzarətdən çıxara və arzuolunmaz istiqamətə aparardı. Buna isə qətiyyən yol vermək olmaz".
Süleyman