
"Qlobal miqyasda bütün parametrlər üzrə gərginliyin höküm sürdüyü, beynəlxalq və regional düzənin pozulduğu bir vaxtda doğru hədəflərə istiqamətlənmiş, milli maraqlara hesablanmış addımlar atmaq o qədər də asan məsələ deyil. Yalnız dərin siyasi gedişlərə malik olan liderlər bu mərhələdə atmış olduqları addımlarla siyasi və iqtisadi sahədə uğurlara imza atırlar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri də məhz bu cür qiymətləndirilməlidir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, hazırkı mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə Azərbaycan liderinin Çinə səfəri mühüm əhəmiyyət daşıyır:
"Azərbaycanla Çin müxtəlif sahələrdə bir-biri ilə yüksək səviyyəli əməkdaşlıq edən iki dövlətdir. Tarixi İpək yolu Azərbaycanla Çini yaxınlaşdıran mühüm elementlərdən biri olub. Bu gün isə həm Pekin, həm də Bakının "Bir kəmər, bir yol" layihəsi üzrə maraqları üst-üstə düşür və hər iki ölkə bu layihəni dəstəkləyir".
Arzuman Muradlı qeyd edib ki, bu gün Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşlarından biri olsa da, lakin iqtisadi və ticari sahədə əməkdaşlığı daha da inkişaf etdirmək mümkündür;
"Çünki bunun üçün hər iki ölkənin böyük potensialı var. Xüsusilə, günümüzdə Bakı və Pekin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində daha geniş istiqamətdə addımlar ata bilərlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çinə dövlət səfəri həm bu, həm də gələcəkdə yeni-yeni əməkdaşlıq imkanlarının ortaya çıxması baxımından əhəmiyyətli olacaq".
Süleyman