
İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə gözlənilən və bir neçə gün sürəcək səfəri regionun həlledici dövlətinə çevrilmiş Azərbaycanın istər Yaxın Şərq, istərsə də Avrasiya məkanı üçün vazkeçilməz olduğunu göstərməsi baxımından önəm daşıyır. İran prezidentindən sonra İsrailin Baş nazirinin, ardınca da Türkiyə Prezidenti R.T.Ərdoğanın ölkəmnizə gözlənilən səfiri Azərbaycanın bu dövlətlərə olan təsir imkanları baxımdan da əhəmiyyət kəsb edir.
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Azərbaycanın həm öz siyasi mənafeyi, həm də dost dövlətlərə olan münasibəti baxımından mövqeyi bu ölkələr üçün ciddi siyasi məsələdir:
"İsrail Azərbaycanın ciddi siyasi və hərbi müttəfiqi kimi baş tutan səfərlər zamanı qarşılıqlı münasibətlərin səviyyəsinin yaxın və uzaq regional proseslərdən zərər çəkməməsi üçün müzakirə olunduğu bir platforma mahiyyəti daşıyır. Netanyahunun bir neçə gün Azərbaycanda qalması isə ölkəmizə olan inamın nəticəsidir, eyni zamanda, münasibətlərin səmimiliyinin göstəricisidir. Görüşlər zamanı müzakirə ediləcək məsələlərin hər iki ölkənin təhlükəsizlik məsələləri ilə əlaqəli olduğu şübhəsizdir".

Azər Qasımov deyib ki, Azərbaycanın İsraillə Türkiyə və İranın məlum problemləri fonunda arabulucu rolu da əhəmiyyət daşıyır:
"Netanyahu hər səfərində Azərbaycanda yaşayan yəhudi icması ilə də görüşür. Bu səfər zamanı da belə olma ehtimalı böyükdür. Netanyahu dünyada Azərbaycanda olduğu qədər heç bir ölkədə özünü rahat hiss etmir.
İsrail rəhbərliyinin Azərbaycana səfəri zamanı silah alımı məsələləri də müzakirə olunur. Azərbaycanın ehtiyacı olan silahlar İsraildən təmin edilir. Hesab edirəm ki, dünya düzənində baş verən yeniliklər fonunda Azərbaycanla İsrail əlaqələri hər iki ölkə üçün bu prosesdən uğurla çıxmaqda qarşılıqlı fəaliyyətdə mühüm rol oynayır".
Süleyman