
Hər zaman olduğu kimi bu səhər də yeməyini yedikdən sonra bir daha dərs cədvəlinə baxıb çantasına nəzər yetirərək əyər-əskikləri tamamladı. Gecə saat 2-yə qədər oxuduğu hekayəyə yenidən gözucu nəzər salaraq bir daha təkrar etmiş oldu. Ancaq hekayədə əksini tapan sevgi, eşqlə bağlı cümlələr heç də onun ürəyincə deyildi. Dünəndən bəri hər dəfə həmin hissəni oxuyanda “Orta məktəb şagirdi üçün hekayədə belə fikirlərin yer alması nə dərəcədə doğrudur” deyə dodaqaltı mızıldanır, müəllifə ürəyində iradını bildirirdi. Hekayə bir məktəbli qızın erkən nikahından bəhs edirdi.
Əslində müəllif hekayəni qələmə alarkən onu maarifləndirmə məqsədilə oxucularına çatdırmağı nəzərdə tuturdu. Ancaq Aytən üçün hələ bu mövzu, erkən nikah, yetkinlik yaşına çatmadan ailə qurmaq kimi sosial problemlər yad bir mövzu idi, onlardan anlayışı belə yox idi. Heç təsəvvür belə etməzdi ki, maraqla oxuduğu, eyni zamanda müəyyən məqamlarda müəllifi qınadığı hekayədə cərəyan edən proseslərin çox keçmədən acı “qəhrəmanına” çevriləcək, şiddətlə qınadığı həmin həyatı özü də yaşayacaq. Çünki Aytəni yeganə düşündürən şey ali təhsil almaq, peşəkar bir həkim kimi insanların qulluğunda dayanmaq idi. Niyə məhz həkim? Ona görə ki, özündən iki yaş böyük qardaşı dünyanı bürüyən koronavirus zamanı məhz həkim səhlənkarlığının qurbanı olmuş və dünyasını dəyişmişdi. Ona görə də Aytən koronavirus zamanı aldığı ağır zərbədən, qardaş itkisindən sonra həkim olmağı qərarlaşdırmışdı. Buna qədər isə o, da atası kimi müəllim olmaq istəyir, gənclərin bilik və bacarıqlı, təhsili olmaları üçün çalışacağını deyirdi.
Beləliklə, hər gün dəyişməyən adəti üzrə Aytən ata və anasının üzündən öpərək məktəbə getməyə hazırlaşır. Pəncərədən süzülən payız yağışının damcıları Aytənin qanını bir qədər qaraldır. Bəlkə göylər də bu qızcığazın bəxtsiz taleyi, onun yarınmçıq qalacaq arzularından əvvəlcədən xəbərdarmış kimi qan ağlayırdı. Bircə Aytənin olub-bitəcəklərdən xəbəri yox idi.
Həyətə düşüb nimdaş, altı çat vermiş ayaqqabılarını geyinərək məktəbə doğru yan alır. Ürəyində “Yenə məktəbə gedənə qədər ayaqlarım islanacaq, dərs bitənə qədər bu vəziyyətdə qalmalı olacam”, deyib məyus olur, sonra da “Bircə məktəbi bitirib universitetə girsəm, ali təhsili başa vurduqdan sonra yaxşı bir iş tapsam keçmişin çətinliklərini geridə qoyar, valideynlərimi də Bakıya yanıma aparıb bilikdə xoşbəxt günlər sürərdik” deyə özünə təskinlik verirdi. Aytən valideynlərinin xoşbəxt gələcəyi barədə düşündüyü halda, onun ata-anası isə qızlarının taleyi üzərindən öz gələcəklərinə qərar verirdilər.
Yol boyu məktəb yoldaşları, sinif qızları ilə deyib-gülür, bir-biriləri ilə gələcəkdə seçəcəkləri peşə, ixtisasla bağlı fikir mübadiləsi aparır, məktəb illərindən sonrakı həyatlarını müzakirə edirdilər. Ancaq Aytən bilmirdi ki, xəyalında qurduğu gələcək, tələbə həyatı cəmi bir neçə saat sonra alt-üst olacaq, valideynləri öz əlləri ilə qızlarının xəyallarına balta çalacaq, onun həyatını qaraldacaqlar.
Aytənin atası Məhəmməd müəllim uşaqlıq və tələbə dostu Ariflə uzun illər əvvəl göbəkkəsdi etmişdi. Qızını dostunun oğlu Aqilə verəcəyini vədələşmişdi. Aqil evin tək oğlu olduğu üçün ona ailədə güldən ağır söz deyilmirdi. İmkanı da pis deyildi. Ölkənin aparıcı şirkətlərindən birində çalışırdı. Bundan əlavə Bakıda bir neçə obyekt sahibi idi. Məhəmməd müəllim həm qızının, həm də özlərinin qurtuluşunu Aytəni Aqillə evləndirməkdə görürdü. Bir neçə gün əvvəl Arif Məhəmməd müəllimlə görüşüb xeyir işi tezləşdirmək barədə fikirlərini bildirmiş, Məhəmməd müəllim də buna etiraz etməmişdi. Baxmayaraq ki, Aytən hələ evlilik yaşına, 18-ə çatmamışdı. Əvvəlcə Aytənin anası buna etiraz etsə də, lakin Məhəmməd müəllimin “mən dedim qurtardı, kişiyə söz vermişəm, ayıbdı. Məni el içində biabır etmək istəyirsən?” deyə əsəbi davranışından sonra ana da erkən nikaha razılıq verir. Beləliklə, vədələşdikləri kimi Aytən məktəbdən gələn ərəfədə Aqil üçün elçi gəlirlər. Artıq ailə Aytən gələnə qədər qızcığazın “hə”sini vermis, hətta şirin çayı da içilmişdi. Bir insan taleyini həll edən ali təhsilli valideyin qızından bu evliliyə razı olub-olmamasını söruşmağı belə lazım bilmirdi.
Həyətə daxil olub pilləkənlər qarşısında yad olan ayaqqabıları görəndə Aytən bir anlıq duruxdu. “Kimdir görəsən qonağımız? deyərək düşündü. Sevincək içəri daxil olub gecədən oxuduğu hekayədən aldığı 5 qiymətinin sevincini valıdeynləri ilə bölüşmək istəyərkən gələcək qaynatasının “Gəlinimiz də gəldi” sözləri Aytənin sevincini gözlərində qoydu. Əla qiymət alması sevincindən alışıb yanan gözlərinə bir anlıq qaranlıq çökdü, otaq başına fırlandı. Cəld qaçıb otağına girərək ağlamağa başladı. Ancaq artıq gec idi. İş işdən keçmişdi. Elçilər gedəndən sonra da valideynlərinə yalvarışın heç bir mənası olmadı. Artıq nişan və toyun da vaxtı-vədəsi danışılmışdı.
Beləcə 11-ci sinifi bitirmədən Aytənlə Aqilin nişanı oldu və Aytən gözləri yaşlı ata evindən gor evinə köçdü. Bütün arzularını, gələcəyə bağladığı ümidləri məktəbli çantasında buraxaraq. Ər evi Aytən üçün sözün əsl mənasında gor evi oldu. Hər gün yersiz yerə eşitdiyi tənələr, təhqirlər, zaman-zaman həyat yoldaşı Aqil tərəfindən zorakılığa, fiziki işgəncəyə məruz qalması Aytəni canından bezdirmişdi. Valideynlərinə üzləşdiyi haqsızlıqlar, işgəncələr barədə danışanda isə aldığı bir cavab olurdu. “Sənin o evdən ancaq meyitin çıxa bilər”. Doğurdan da valideynlərinin Aytən üçün dedikləri oldu və Aytənin ər evindən meyiti çıxdı. Dəfələrlə canına qəsd etmək istəmişdi. Lakin bətnində olan övladına qıya bilmirdi. Həm də böyüklərin, rəfiqələrinin “Uşağınız olandan sonra düzələcək hər şey” kimi təsəlliverici sözləri Aytəni intihar fikrindən daşındırırdı. Lakin sonuncu dəfə həyat yoldaşı tərəfindən amansızcasına döyüləndən sonra uzaqda görünən o ümid işığı da Aytən üçün tamamilə söndü. Aqilin Aytənə vurduğu zərbələrdən ana bətnində olan uşaq tələf olmuşdu. Necə ki, atası Məhəmməd müəllim qızı Aytənin həyatını qaraltdı, eləcə də indi Aqil gələcək övladının həyatına vurduğu zərbə ilə balta çaldı.
Artıq Aytən üçün bu həyatda yaşamağın mənası qalmamışdı. Nə valideynləri, nə həyat yoldaşı, nə də bir başqaları onu başa düşürdü. Yeganə çıxış yolu kimi Aytən də gənc yaşlarında qardaşının "yanına getməyə" üstünlük verdi. Səhər hər kəs evdən çıxdıqdan sonra Aytən şəhər kənarındakı qəbirstanlığa gedərək qardaşının məzarı qarşısında onunla ilə bir xeyli “dərdləşdi”, başına gələn müsibətlərdən danışdı, valideynlərindən şikayətləndi. Qardaşı ilə söhbəti başa çatdırdıqdan sonra isə özüylə götürdüyü sirkəni içərək bu dünyaya əbədilik əlvida dedi.
Beləliklə, valideyn məsuliyyətsizliyi, eyni zamanda erkən nikah daha bir gənci həyatdan qoparıb apardı. Arzuları, gələcək planları ilə birlikdə.
Süleyman İsmayılbəyli