
Respublikanın Əməkdar həkimi Nəcibə Sabir qızı Mustafayevanın xatirəsinə
(09 iyun 1926 – 26 yanvar 2014)
Elə insanlar var ki, ömürlərini insanlara xidmətə həsr edir, peşələri ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə də yadda qalırlar. Respublikanın Əməkdar həkimi, Əmək Veteranı Nəcibə Mustafayeva öz həyatı və fəaliyyəti ilə bu fikri ən gözəl təsdiq edənlərdən biri olmuşdur.
Doğrudan da elə bir insan tapılmaz ki, həyatı boyu heç olmasa bir dəfə həkim yardımına ehtiyac duymasın. Həkim peşəsi yalnız bilik və peşəkarlıq deyil, həm də mərhəmət, səbir və insan sevgisi tələb edir. Həkim mehriban, qayğıkeş və gülərüz olduqda onun sözü və münasibəti xəstənin sağalma yolunda ən təsirli vasitələrdən birinə çevrilir. Məhz bu xüsusiyyətlər Nəcibə xanımı həmkarları və xəstələri arasında xüsusi ehtiram qazanan bir həkimə çevirmişdi.
O, məşhur Əlibəyovlar nəslinə mənsub ziyalı və zadəgan ailəsində dünyaya göz açmışdır. Babası Ağasəlim bəy Əlibəyov dövrünün tanınmış ziyalılarından olmuş, yüksək hüquq təhsili alaraq hərbi xidmətdə qazandığı nüfuzla çar ordusunda general rütbəsinədək yüksəlmişdir. Atası Sabir bəy Əlibəyov da Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu olmuş, xaricdə ali təhsil almış ilk azərbaycanlı hüquqşünaslardan biri kimi tanınmışdır. O, sonralar Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dairə Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır.
Bakıya gəldikdən sonra Sabir bəy yaxın dostu, görkəmli ziyalı və professor Əbülfəz Qarayevin evində onun gənc qohumu Məsumə xanımla tanış olmuşdur. Bu tanışlıq sonradan qarşılıqlı hörmət və məhəbbətə çevrilmiş, onlar ailə qurmuşlar.
Anası Məsumə xanım Qarayeva Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi məşhur Qızlar Gimnaziyasının və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olmuşdur. Uzun illər təhsil sahəsində çalışmış, məktəb direktoru və rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərmiş, xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Belə bir ziyalı və alicanab ailədə böyüyən Nəcibə xanım da ailəsinin ənənələrini ləyaqətlə davam etdirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinat üzrə Biləsuvar rayonuna göndərilmiş və əmək fəaliyyətinə başlamışdır.
Biləsuvarda üç il ərzində müxtəlif vəzifələrdə çalışmış, terapevt, dermatoloq və pediatr kimi fəaliyyət göstərmişdir. Sonra Bakıya qayıdaraq professor M. Kajlayevin rəhbərlik etdiyi otorinolarinqologiya kafedrasının klinik ordinaturasına müsabiqə yolu ilə daxil olmuşdur. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirərək müxtəlif cərrahi əməliyyatlarda iştirak etmiş, peşəkar bilik və bacarıqlarını daha da artırmışdır.
Ordinaturanı bitirdikdən və ailə qurduqdan sonra Xətai Rayon Səhiyyə Şöbəsinin tabeliyində olan 1 saylı tibbi-sanitar hissəsində əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda on il müddətində Xətai Rayon Hərbi Komissarlığının tibbi komissiyasının üzvü olmuş, neftayırma zavodlarında çalışan işçilərin müntəzəm tibbi müayinələrinin və müalicələrinin təşkilində yaxından iştirak etmişdir.
Nəcibə xanım əmin idi ki, insan bu dünyaya xoşbəxt olmaq üçün gəlir və xoşbəxtliyin təməlində sağlamlıq dayanır. Məhz buna görə də o, bütün həyatını insanların sağlamlığına və rifahına həsr etmişdi.
O, bütün Azərbaycan anaları kimi doğma torpaqlarımızın azad olunmasını arzulayırdı. Qarabağ torpaqlarının işğal altında olduğu bütün o uzun illər boyu əslən Ağdamdan olan ömür-gün yoldaşı, Azərbaycanın kimya sənayesinin tarixini yazanlardan olmuş Əliş Mustafayev ilə birlikdə bu ağrını öz şəxsi dərdləri kimi yaşayırdı. Bu nisgil onların saçlarına dən salsa da, qəlblərindəki ümid və inamı sarsıda bilməmişdi. Onlar hər zaman inanırdılar ki, gün gələcək, doğma torpaqlar azad olunacaq və Qarabağda həyat canlanıb yenidən öz axarına qayıdacaq.
Vətənin taleyinə biganə qalmayan Nəcibə xanım ürəyinin səsi ilə dəfələrlə cəbhə bölgəsinə – Tərtər rayonuna gedərək hərbi hospitallarda yaralı əsgərləri müayinə edir, onlara tibbi yardım göstərirdi. Eyni zamanda Saatlı və Sabirabad rayonlarındakı çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərə həm tibbi, həm də maddi dəstək verirdi.
Həkimlik fəaliyyəti ilə yanaşı, Nəcibə xanım ictimai işlərdə də fəallığı ilə seçilirdi. Qadın İnkişaf Mərkəzinin və Respublika Qadın təşkilatlarının fəal nümayəndələrindən biri kimi Bilgəh qocalar evini, eləcə də Zabrat Uşaq Psixonevroloji Dispanserini mütəmadi ziyarət edir, orada yaşayan insanlara mənəvi dayaq olurdu.
Yüksək mənəvi dəyərlərə sahib olan Nəcibə xanım üçün insanlara kömək etmək həyatının ayrılmaz hissəsi idi. O, ehtiyacı olanların yanında olur, ümidsizliyə qapılanlara ümid verir, yıxılanın əlindən tutub onu yenidən həyata qaytarmağı bacarırdı. Mərhəməti, qayğıkeşliyi və xeyirxahlığı ilə insanların yaddaşında dərin iz qoymuşdu.
Səmərəli və uzunillik fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1967-ci ildə “Səhiyyə əlaçısı”, 1975-ci ildə “Ali dərəcəli həkim”, 1990-cı ildə Azərbaycan “Respublikasının Əməkdar Həkimi” kimi fəxri adlara layıq görülmüşdür. 1996-ci ildə “Əmək Veteranı” adı ilə və Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir.
Nəcibə xanıma Qarabağın azadlığını görmək nəsib olmasa da, ömrü boyu qəlbində yaşatdığı inam özünü doğrultdu. Uğrunda dua etdiyi torpaqlar azad olundu, illərlə həsrətini çəkdiyi Qarabağa həyat yenidən qayıtdı. Bu isə onun və onun kimi minlərlə vətənpərvər insanın ən böyük arzularının gerçəkləşməsi oldu.
Bu gün də onu tanıyanların xatirəsində xeyirxah, gülərüz, mərhəmətli və nikbin bir insan kimi yaşayır. Nəcibə Mustafayevanın ömür yolu peşəsinə sədaqətin, insanlara xidmətin və vətən sevgisinin parlaq nümunəsidir. Onun əziz xatirəsi yaxınlarının, həmkarlarının və şəfqətini görmüş insanların qəlbində daim ehtiramla yaşayacaqdır.
Turan Etibaroğlu












































