
"Ukraynanın ötən gün Rusiyanın hava limanlarına hücum təşkil edərək onlarla hərbi təyyarəsini sıradan çıxarması Moskva ilə Kiyev arasında müharibənin yeni fazasının başlamasına yol açacaq. Son hücum öz-özlüyündə İstanbul danışıqlarının da iflasa uğraması deməkdir. Bundan sonra Rusiya çətin ki, Ukrayna ilə bir masa ətrafında otursun".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib. Müharibədə bu cür halların baş verməsinin mümkün olduğunu deyən Arzuman Muradlı, Rusiyanın da üç ilə yaxın davam edən müharibə müddətində Ukraynaya çox ağır zərbələr endirdiyini, mülki obyektləri, yaşayış binalarını hədəf aldığını diqqətə çatdırıb:
"Düzdür, Ukraynanın zərbə endirdiyi obyektlər hərbi təyinatlıdır, ancaq hesab edirəm ki, Rusiya Ukraynaya sərt cavab verəcək və Moskvanın Kiyevə yeni və daha ağır raket zərbələri endirəcəyi istisna edilmir".
Arzuman Muradlı hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün əlverişli şərait yaranmışdı və İstanbul danışıqları bu istiqamətdə irəliyə doğru atılmış addım olardı:
"Təəssüf olsun ki, yenidən hər şey sıfırdan başlanmalı olacaq və müharibə daha acınacaqlı vəziyyətə keçəcək".
Süleyman