Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

30-cu Yubiley Bakı Enerji Forumu öz işinə başladı

30-cu Yubiley Bakı Enerji Forumu öz işinə başladı


Sayca 30-cu olan Yubiley “Baku Energy Forum” 3 iyun tarixlərində Bakı Konqres Mərkəzində öz işinə başlamış və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirmişdir.

Newscenter.az xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il forumun proqramında 70-dən çox spiker yer alır.

“Baku Energy Forum”un ilk günündə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçirilmişdir. Forum çərçivəsində baş tutan “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. "Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü", "Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları", "Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması", "COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol", "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması", "Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur", "Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.

Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Bakı Enerji Forumu gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström sayca 30-cu olan Yubiley Bakı Enerji Forumunda iştirak edir. 4 iyun tarixində Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.
Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.

Bakı Enerji Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilir. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunmuşdur.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük verilir. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq edilir.

Forumun keçirildiyi məkan da təsadüfi seçilməyib. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konsepsiya əsasında inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istehlakına sərf olunan xərclər azaldılır.

Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmamışdır. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdirilir: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd verilmişdir.

Yubiley tədbirləri çərçivəsində həyata keçirilən əsas təşəbbüslərdən biri 2 iyun tarixində Bakı Ekspo Mərkəzinin ərazisində ağac və gül əkilməsi olmuşdur. Bu təşəbbüs dayanıqlı inkişaf və ətraf mühitin qorunması məqsədi daşıyır. “Təbiətin Gücü: Bakı Enerji Həftəsinin 30 illik yubileyinə həsr olunmuş ağacəkmə mərasimi” adlı ekoloji təşəbbüs çərçivəsində həyata keçirilən tədbirlə yanaşı, Bakı Ekspo Mərkəzinin ərazisinin abadlaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Bu təşəbbüslər tədbirin yalnız enerji sektoruna deyil, eyni zamanda sosial və ekoloji məsuliyyətə də verdiyi önəmin göstəricisidir.

Sərginin təqdim etdiyi imkanlardan daha səmərəli istifadə olunmasına dəstək məqsədilə 30-cu Yubiley “Baku Energy Week” təşkilatçıları tərəfindən iştirakçılar üçün biznes səhər yeməyi təşkil olunmuşdur. Tədbir çərçivəsində hazırlıq prosesində diqqət yetirilməli məqamlar, eləcə də iştirakçıların işgüzar əlaqələr qurmaq və sərgi imkanlarından maksimum faydalanmaq yolları barədə ətraflı məlumat təqdim edilmişdir.

Bu il də “Baku Energy Week” enerji sahəsinin liderlərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi, strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün mühüm platforma rolunu davam etdirir. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarmışdır.

Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “ACWA Power”, “Azfen”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “Gap İnşaat”, “HMS Group”, “HUAWEI”, “Inpex”, “INTI”, “iMotors”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “MVM”, “NewMed Energy”, “Saipem”, “Pasha Bank”, “SLB”, “TotalEnergies”, “Tekfen Inşaat ve Tesisat,” “Türkiye Petrolleri AO” “Ural Steel” və “XRG” kimi nüfuzlu şirkətlər yer alır. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.
Tədbirlərin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” iştirak edir. Bank aqrobiznes, nəqliyyat, tikinti, ticarət və digər sahələrə xidmət göstərir. “PAŞA Bank” 2025-ci ildə “International Investor” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.

Tədbirin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management” şirkətləridir. “Baku Energy Week” yüksək təşkilatçılıq səviyyəsini və təqdim olunan statistik məlumatların etibarlılığını təsdiqləyən Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına malikdir. Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", "Radisson Hotel Baku", "Gloria Flowers" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www. bakuenergyforum.azsaytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Süleyman
Xəbəri paylaş