
"Fransanın Zəngəzurda konsulluq açmaq niyyəti regionda pozuculuq yaratmaqdan başqa bir şey deyil. Paris müntəzəm olaraq bu kimi neqativ fəaliyyətlərlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Təəssüflər olsun ki, Ermənistan hakimyyəti də Fransanın bu neqativ əməllərinin oyunçusu, icraçısı kimi çıxış edir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Franssanın Zəngəzurda konsulluq açması həm də regional qarşıdurmanın tərkib hissəsidir:
"Rusiya-Ukrayna cəbhəsində Kremlə güc gələ bilməyən Makron hakimiyyəti indi də Cənubi Qafqazda Rusiya ilə üz-üzə gəlmək istəyir. Çünki Fransanın Zəngəzurda konsulluq açmaq istəyi Rusiyanın maraqlarına uyğun deyil. Moskva heç bir halda regionda kənar qüvvələrin mövcudluğunu qəbul etmir. Rusiya hesab edir ki, Fransanın Qarabağa gəlməsi, öz-özlüyündə Avropanın regiona gəlməsidir. Ona görə də Parisin bu istəyinə qarşıdır".
Arzuman Muradlı hesab edir ki, Fransanın Zəngəzurda konsulluq açmasına İran da öz etirazını bildirməlidir:
"Çünki İran hər zaman regionda kənar qüvvələrinin varlığına qarşı olduğunu bəyan edib. Ancaq indiki halda Tehranın Parisin bu istəyinə qarşı səssiz davranışı başa düşülən deyil".
Arzuman Muradlı qeyd edib ki, Paşinyan hakimiyyəti bütün bu pozuculuq fəalyyətlərindən uzaq duraraq diqqəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, üzərinə götürdüyü öhdəliklərin əməl edilməsinə yönəltməlidir.
Süleyman