
"Ukrayna cəbhəsində 3 ildir istədiyinə nail ola bilməyən Rusiya Cənubi Qafqazda köhnəlmiş narrativləri canlandırmağa çalışır. Hazırda Ermənistan daxilində fərqli maraqlar kontekstində revanşist və ultraşovnist nidaların yüksəldiyinin şahidi oluruq. Fransa diplomatik don geyindirilmiş ritorikası əsasında İrəvanı silahlandırır, paramilitar qruplaşmaları aktivləşdirir və Gorusda konsulluq açmaqla Zəngəzur dəhlizi layihəsinə öz iqtisadi gündəliyini diqtə etməyə çalışır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Rusiyada eyni məntiq üzərindən, lakin fərqli yanaşmalarla yenidən Ermənistan vasitəsilə Cənubi Qafqazda itirdiyi mövqelərini bərpa etməyə çalışır:
"Təbii ki, Moskva üçün Paşinyan elitasına alternativ Koçəryan və Sarkisyan tandemi ola bilərdi. Ancaq bu şəxslərin erməni cəmiyyətində nüfuzu, siyasi imici demək olar ki, mövcud deyil. Ona uyğun olaraq da ilk istiqamət məhz erməni mifalogiyasının beyni hesab edilən kilsədir. Hazırda hakimiyyət və erməni kilsəsi arasında münasibətlər olduqca gərgindir. Nikolun real Ermənistan ideyasına qarşılıq olaraq kilsə yenidən ölmüş mifləri canlandırmağa çalışır".
Pərviz Mirizadə qeyd edib ki, onlara sözügedən müstəvidə əsas dəstək nümayiş etdirən məhz Kremldir:
"Rus siyasilər erməni mifalogiyasının ölkəni vassal halında saxlamağın əsas dayaq nöqtələrindən biri olduğunu yaxşı başa düşür. Onlar üçün vacib olan Ermənistan dövlətinin güclənməsi deyil, tarixi ənənələrin davamı olaraq hər daim qonşulara, qarşı istifadə olunacaq alət kimi qalmasıdır. Aydındır ki, Rusiyanın son iki əsrdir Cənubi Qafqazda həyata keçirdiyi siyasət region xalqlarına xoşbəxtlik bəxş etməyib. İndi də eyni missiyanın davamını arzulayırlar. Lakin bu artıq Azərbaycan üçün keçərli bir yanaşma deyil".
Onun sözlərinə görə, Rəsmi Bakının keçən müddət ərzində diplomatik fəaliyyəti göründüyündən çox daha böyük nailiyyətlərə imza atıb:
"Türkiyə, Pakistan və İsraillə qurulan sıx tərəfdaşlıq və müttəfiqlik münasibətləri ölkəmizi Şimaldan və Cənubdan gələcək təhlükələrə qarşı sığortalayıb. Hətta ikili münasibətlərdə gərginlik və ziddiyyətlər yaşayan Ankara ilə Təl-Əviv Azərbaycan kontekstində ortaq prizmadan hərəkət edirlər.
Nəticə etibarilə, Rusiyanın yenidən ölmüş narrativləri diriltmək cəhdi ilk növbədə erməni xalqının özü üçün mənfi tendensiyaları inkişaf etdirəcək".
Süleyman