
Müharibələr siyasi və iqtisadi cəhətdən ağır bir proses olsa da, ordular üçün əvəzsiz təcrübə, inkişaf mənbəyidir. Azərbaycan ordusu döyüş meydanında yaranıb öz gücünün zirvəsinə də məhz döyüş meydanında çatan nadir silahlı qüvvələrdəndir. İkinci Qarabağ müharibəsi hərb tarixində müasir müharibə metodikaların tətbiq edildiyi az saylı hərbi toqquşmalardan hesab olunur.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, qalib tərəf olaraq qazanılan zəngin müharibə təcrübəsi bu gün Silahlı Qüvvələrimizin inkişaf tendensiyasının ideologiyası hesab olunur:
"Çünki 2020-ci ilə qədər olan dövrlə, ondan sonrakı dövr arasında əsaslı fərqlər mövcuddur. İstər şəxsi heyətin peşəkarlığının artırılması, istərsə də, silahanma istiqamətində yenilikçi addımların şahidi oluruq. Qardaş Pakistanla müxtəlif növ silah sistemlərinin, xüsusilə, aviasiya vasitələrinin alınması ilə bağlı əldə olunan razılaşmalar buna nümunədir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən ölkəmiz keçən il sifariş verilən Pakistan-Çin ortaq istehsalı döyüş təyyarəsi JF 17 blok III sayını artırmağı hədəfləyir. Tərəflər arasında mümkün razılaşma ilə bağlı danışıqlar aparılır. JF 17-lərin alınması sadəcə texniki bir yenilənmə deyil, eyni zamanda qüvvələr balansında strateji dəyişikliklərə yol açacaq tarixi qərardır. Hərbi və siyasi baxımdan bu razılaşmanın Azərbaycan üçün təqdim etdiyi üstünlüklər, müdafiə qabiliyyətimizi yeni mərhələyə daşıyır".
Pərviz Mirizadə vurğulayıb ki, JF 17 blok III 4+ nəsil texnologiyalarla təchiz edilmiş, AESA radar sistemi, infraqırmızı hədəf izləmə, elektron müharibə qabiliyyəti və yüksək manevr imkanları ilə seçilən çoxməqsədli hava üstünlük qırıcısıdır:
"Bu tip platforma Azərbaycan Hərbi Hava Qüvvələrinə yalnız müdafiədə deyil, həm hücum əməliyyatlarında, həmdə psixoloji aspektdə keyfiyyət üstünlüyü qazandırır. Təbii ki, məsələnin hərbi tərəfləri ilə yanaşı siyasi nəticələri də kifayət qədər ciddir. Sözügedən razılaşma Cənubi Qafqaz regionunda lehimizə olan güc balansını daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının bu səviyyəyə çatması iki qardaş ölkə arasında uzunmüddətli faydalı əməkdaşlıq portfeli formalaşdırır. Qırıcıların modernləşmə xəttində texnologiya transferi isə Azərbaycanın müdafiə sənayesinə yeni imkanlar qazandıracaq".
Süleyman