
"İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizdən sonra torpaqlarımızın işğaldan azad edilməsi Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın başlaması, bölgənin inkişaf və tərəqqisi müşahidə edilməkdədir. Ötən 5 ilə yaxın müddətdə bu ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq-abadlıq işləri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdıç prosesinə start verdi. Artıq ötən müddət ərzində Şuşa, Laçın, Ağdam, Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərimizə yüzlərlə ailə köçürülüb və onlar üçün orada lazımı infrastruktur yaradılıb. Sevindirici hal ondan ibarətdir ki, bu tendensiya artım dinamikası ilə davam edir ki, bu da öz növbəsində Böyük Qayıdış prosesini daha da sürətləndirir. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, dövlət proqramları da Böyük Qayıdışın vaxtından daha tez və intensiv şəkildə həyata keçirilməsini şərtləndirir. Bu mənada “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” da xüsusi əhəmiyyət kəsb edəcək".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə Prezident İlham Əliyevin sərəncamını şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, həm strategiya, həm də Böyük Qayıdışa dair II Dövlət Proqramının çoxşaxəli olması nəzərdə tutulur:
"Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb".
Arzuman Muradlı hesab edir ki, hər iki sənəd yeni reallıqlar və yeni çağırışlara uyğun olaraq hazırlanaraq Azərbaycanın daha da inkişafına, çoxşaxəli istiqamət üçün tərəqqisinə yol açacaq:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” həm yerli, həm də xarici iş adamlarının Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaları, orada müxtəlif sahələrin inkişafına sərmayə qoymaları üçün imkanlar yaradacaq. Bütün bunlar isə öz növbəsində bölgədə məşğulluğun artırılmasına öz müsbət təsirini götərəcək".
Süleyman