
"Təəssüflər olsun ki, Rusiyada zaman-zaman Moskva ilə Bakı arasında münasibətlərə kölgə salmaq, iki ölkə arasında problemlər yaratmağa cəhdlər edilib. Məsələnin maraqlı, eyni zaman bizi narahat edən tərəfi ondan ibarətdir ki, bu kimi cəhdlərdə Rusiyanın rəsmi qurumları da iştirak edir. Bu günlərdə Rusiya prezidentinin köməkçisinin həqiqətdən uzaq olan açıqlamaları belə deməyə əsas verir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. İctimai birlik sədri qeyd edib ki, Vladimir Medinski sözügedən müsahibə zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları ciddi və kobud şəkildə təhrif edib:
"Vladimir Medinski heç bir siyasi və hüquqi çərçivəyə sığmayaraq Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib. Kremlin bir nömrəli şəxsinin köməkçisi vəzifəsini icra edən Vladimir Medinskinin bu açıqlamasını onun dünyadan və regiondan xəbərsiz olması kimi dəyərləndirmək də olardı. Lakin nəzərə alsaq ki, bu şəxs həm də Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədridir, o zaman Medinskinin tarixi kifayət qədər yaxşı bildiyini deyə bilərik. Sadəcə bu açıqlama onu deməyə əsas verir ki, Rusiyada Azərbaycana qarşı təxribat, pozucu fəaliyyətlər artıq Kreml səviyyəsinə keçib. Əgər əvvəllər Dövlət Dumasının ayrı-ayrı deputatları bu kimi sərsəm açıqlamalarla çıxış edirdilərsə, indi artıq Kreml səviyəsində bu mənfi tendensiya özünü büruzə verir. Ona görə də hesab edirəm ki, Medinskinin məlum açıqlaması onun siyasi və tarixi savadsızlığından irəli gəlmir. Medinski birbaşa Kremlin sifarişini yerinə yetirir".
Süleyman