
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda həyatını itirənlərin sayı son 48 saatda 202 nəfər artaraq 55 min 908 nəfərə çatıb. Bu müddət ərzində yaralananların sayının isə 131 min 138 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanvarın 19-da əldə olunmuş atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 5599 fələstinli həyatını itirib, 19097 nəfər isə yaralanıb.
Açıqlamada, həmçinin mayın 27-dən etibarən İsrail-ABŞ rəhbərliyindəki “Qəzzəyə Humanitar Yardım Fondu”nun humanitar yardım adı altında qurduğu paylama bölgələrində fələstinliləri hədəf alan sistemli hücumlar nəticəsində ölənlərin sayının 450-yə yüksəldiyi, 3466 nəfərin yaralandığı bildirilib.
Anar Əliyev