
Azərbaycan iqtisadiyyatının son 20 ildə əldə etdiyi nailiyyətlər şübhəsizdir. Ölkədə iqtisadiyyatın dinamik inkişafı, davamlı artımı, maliyyə resurslarının çoxalması və qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) bu illər ərzində artması iqtisadi siyasətə yönəlmiş diqqətin və düzgün yanaşmanın təzahürüdür. Bu nailiyyətlər təbii ki, dünya və qlobal iqtisadiyyatın yaratdığı şoklarla paralel şəkildə əldə olunmuşdur.
Ölkəmizdə maliyyə imkanları yaxşılaşdıqca, təbii olaraq xarici borcdan asılılıq azalır. Digər ölkələrlə müqayisədə iqtisadiyyatımız bir sıra müsbət cəhətlərə malikdir və makroiqtisadi sabitlik qorunub saxlanılır. Təbii ki, enerji resursları, ticarətdə üstünlüyümüz, valyuta ehtiyatlarının artması və xarici borcların azalması gətirib çıxardır. Ticarət balansımız müsbətdir, ixrac idxalı üstələyir. Maliyyə ehtiyatlarının artması isə iqtisadi şoklara qarşı bufer rolunu möhkəmləndirir. Regional münaqişələr və neft qiymətlərindəki enişlər nəzərə alınmaqla maliyyə ehtiyatlarımız artırılıb və planlaşdırılan şoklara qarşı dayanıqlılıq təmin olunub. Uzunmüddətli sabitliyin qorunması üçün iqtisadiyyatın şaxələndirilməsi və institusional islahatların həyata keçirilməsi prosesi davamlı olaraq aparılır.
Bizə yaradılan problemləri və digər ölkələrin maraqlarına əsaslanan iqtisadi və digər hücumları nəzərə almalı, müəyyən yol qət etməyimiz vacibdir. İnkişaf etmiş və yüksək texnologiyalı iqtisadiyyatlarla müqayisədə hələ gedəcəyimiz yol mövcuddur. Ölkədə qeyri-neft sektorunun inkişafı və onun iqtisadiyyatda çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülür. Nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi və nəqliyyat sisteminin yenidən qurulması bu istiqamətdə mühüm addımlardır. Neft-qaz sektorunda qazandığımız uğurlar nəticəsində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin çəkilişinə start verilib. Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.
Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin və Bakı–Tbilisi–Ceyhan neft kəmərlərinin çəkilməsi kimi mühüm layihələri görməmək təbii ki, sistemli siyasi korluğu nümayiş etdirməkdir.
Azərbaycanın bu illər ərzində siyasi və iqtisadi imkanları genişləndirilib, beynəlxalq arenada mövqeyimiz möhkəmləndirilib, ərazi bütövlüyümüz bərpa edilib.
Regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələrdə şanlı ölkəmiz iştirak edir və milli maraqlarımız nəzərə alınmaqla həyata keçirilir. Bütün bunlar dayanıqlı inkişafın və milli həmrəyliyə xidmət edən siyasi dəyərlər vasitəsilə düşünülmüş və planlaşdırılmışdır. Təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq amili mühüm rol oynayır. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və anti-Azərbaycan mərkəzlərinin “idarə olunan xaos” planlarını pozmuş, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorumuşdur.
Bütün bunları nəzərə almadan boş-boğazlıq edən və siyasi korluq nümayiş etdirən bəzi siyasətşünaslar isə böhtançı xidmətlərindən əl çəkə bilmir.
Ramil Hüseynov