
"Rusiya hakimiyyəti orada yaşayan soydaşlarımızla girov kimi davranaraq, iradəsini Azərbaycana diqtə etməyə çalışır. Təkcə miqrantlarla deyil, Rusiya vətəndaşı olan azərbaycanlılarla da eyni cür davranış sərgiləyir, etnik ayrı-seçkilik edilir, işgəncələrə və qeyri-insani rəftara məruz qoyulur. Bunu da açıqca nümayiş etdirməklə Kremldəkilər nəyəsə nail olacaqlarını düşünürlərsıə, səhv edirlər."
Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov deyib. O, daha sonra bildirib:
"Rusiya dünyanın sürətlə dəyişdiyini və ənənəvi yanaşmaların və yürüdülən siyasi xəttin, imperiya düşüncələrinin, zorakılıqların, digərlərinə qarşı təcavüzkarlığın heç nəyə yaramadığını və bunun əks effekt verdiyini nəhayətdə anlamalıdır. İmzasına və sözünə hörmət qoymağı bacarmalıdır. Moskvanın davranışları Azərbaycanla Rusiya arasında 2022-ci ildə bağlanan müttəfiqlik sazişinin ruhuna uyğun deyil və bu cür də davam edərsə, təkcə Azərbaycanı deyil, strateji bir bölgəni itirmiş olur".
Əli Orucov deyib ki, Rusiyada yaşayan soydaşlarımıza qarşı təxribatlar, aparılan çirkin kampaniyalar, sifarişli həbslər Azərbaycan cəmiyyətində haqlı narazılıqları geri dönüşü olmayan nöqtəyə aparır:
"Belə halların intensivləşməsi Rusiyanı gözdən salır, ona qarşı olduqca mənfi imic formalaşdırır. Onsuz da işğalçılıq və təcavüzkar hərəkətləri və davakar ritorikası ilə Rusiya özünə kabus obrazı yaradıb. Beynəlxalq ictimaiyyət bu problemdən, bu qorxudan xilas olmağın yollarını axtarır, həmrəylik nümayiş etdirməkdədir. Rusiya bütün bunlardan ciddi narahat olmaq və itirilmiş nüfuzunu bərpa etmək əvəzinə, onun daha da aqressivləşməsi, qonşuları ilə rəftarı hətta öz müttəfiqlərini Moskva ilə məsafə saxlamağa məcbur edir. Həmçinin strateji müttəfiqi olan Azərbaycana qarşı ideoloji, təbliğat və digər cəbhələr açması gücün yox zəifliyin, cılızlığın əlamətidir. Mən Rusiyanı demokratik, insana hüquq və azadlıqlarına hörmət edən, qonşuları ilə mehriban davranan, geniş əməkdaşlıq edən, dostları ilə dost olan güclü görmək istərdim. Bu minvalla çətin ki belə hal baş versin".
Süleyman