
"19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan tərəfindən Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri mühüm siyasi, hərbi və strateji nəticələrə səbəb oldu. Bu əməliyyatın məqsədi bölgədə qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi və Azərbaycanın konstitusiya quruluşunun bərpası idi. Bu, yalnız hərbi deyil, eyni zamanda siyasi və hüquqi baxımdan da mühüm bir dönüş nöqtəsi oldu. Azərbaycanın regionda sülh və sabitlik naminə atdığı bu addım həm də gələcəkdə Cənubi Qafqazda uzunmüddətli əməkdaşlığın təməlini qoyd".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.
Millət vəkili qeyd edib ki, antiterror tədbirləri ilə Azərbaycan, Qarabağın qalan hissəsində də öz suverenliyini tam bərpa etdi:
"Bu, ölkənin ərazi bütövlüyünün tam təmin olunması baxımından tarixi addım idi. Antiterror tədbirləri nəticəsində
Ermənistanın dəstəklədiyi separatçı rejimin hərbi birləşmələri zərərsizləşdirildi. Bu, bölgədə uzunmüddətli təhlükəsizliyin təmin olunmasına xidmət edirdi. Bu həm də 30 ilə yaxın davam edən separatçı rejimin faktiki olaraq dağıdılması demək idi. Beləliklə, Azərbaycan konstitusiyası və qanunları bu ərazilərdə tam tətbiq edilməyə başladı".
İlham Məmmədov bildirib ki, əməliyyatlar qısa müddətli və dəqiq hədəflərlə icra edildi:
"Mülki əhali və mülki obyektlər hədəf alınmadı, bu da Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini göstərdi".
Millət vəkilinin sözlərinə görə, bu tədbir Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı oldu və Azərbaycanın mövqeyini gücləndirdi. Qarşıdakı mərhələ isə bütün suveren ərazilərimizdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Beləliklə, Qarabağın bu hissəsində də sosial infrastrukturun bərpası, yolların çəkilməsi və xidmətlərin göstərilməsi istiqamətində işlərə start verildi. Bu gün Azərbaycanın bütün suveren ərazilərində üçrəngli bayrağımız qürurla dalğalanır, Qarabağın hər qarışında geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir".
Süleyman