Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin amnistiya təşəbbüsü dövlətin humanist dəyərlərə sadiqliyini göstərir

Prezidentin amnistiya təşəbbüsü dövlətin humanist dəyərlərə sadiqliyini göstərir



"Prezidentin amnistiya təşəbbüsü cəmiyyətdə humanizm və sosial ədalət prinsiplərinin gücləndirilməsinə xidmət edən mühüm bir addımdır. Bu təşəbbüs, xüsusilə az ağır cinayətlərə görə cəza çəkən, peşmançılıq hissi keçirən və cəmiyyətə yenidən inteqrasiya potensialı olan şəxslər üçün ikinci şansın verilməsi baxımından əhəmiyyətlidir".

Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova səsləndirib. O bildirib ki, amnistiya yalnız hüquqi proses deyil, eyni zamanda sosial barış və mənəvi yenilənmə vasitəsidir:

"Ailələrin birləşməsi, cəzaçəkmə müəssisələrində sıxlığın azalması və reabilitasiya proseslərinin sürətlənməsi kimi müsbət nəticələr yarada bilər.

Təbii ki, etdiyi əməldən səmimi şəkildə peşman olan məhkum amnistiyanın əsas ünvanıdır.

Peşmançılıq insanın səhvini dərk etməsi, dəyişməyə və cəmiyyətə faydalı fərd kimi qayıtmaq istəməsinin göstəricisidir. Fikrimcə belə məhkumlara ikinci şans verilməsi həm humanizm prinsiplərinə, həm də ədalət anlayışına uyğundur".

Dürdanə Qaraşova bildirib ki, amnistiya cəzasızlıq demək deyil, islah olunmuş insanın ailəsinə və cəmiyyətə qaytarılması deməkdir:

"Etdiyi əməldən nəticə çıxaran, qanunlara hörmət etməyə hazır olan məhkumların azadlığa qovuşması ailələrin ümidini gerçəkləşdirir. Hər bir məhkumun arxasında ana-ata, övlad, həyat yoldaşı var. Onlar üçün amnistiya sadəcə hüquqi qərar yox, ailələrin yenidən bir araya gəlməsi, yarım qalan həyatların tamamlanması deməkdir.

Prezidentin amnistiya təşəbbüsü bu ailələr üçün ümid işığıdır. Çünki cəmiyyət yalnız cəza ilə deyil, mərhəmət və islah yolu ilə də güclənir. Səmimi peşmançılıq göstərən, cəmiyyətə qayıtmağa hazır olan insanların ailələrinə qovuşması sosial sabitliyə və mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Ailələrin yol gözləməsi dövlətin humanist siyasətinə olan inamın da göstəricisidir. Bu gözləntinin reallaşması isə həm məhkumlar, həm də onların ailələri üçün yeni, ümidli bir başlanğıc ola bilər. Bu baxımdan, peşman olan və düzgün yola qayıtmaq niyyətində olan məhkumlara şans tanınması həm dövlət, həm də cəmiyyət üçün düzgün və vicdani bir addımdır".

Dürdanə Qaraşova qeyd edib ki, ümumilikdə, prezidentin amnistiya təşəbbüsü dövlətin humanist dəyərlərə sadiqliyini göstərir:

"Hesab edirəm ki, cəmiyyət üçün faydalı, balanslı və sosial məsuliyyətli bir addımdır".

Süleyman
Xəbəri paylaş