
Bu gün Türkiyənin Ticarət naziri Ömer Bolat Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratı nazirlikdə qəbul edib.
Newscenter.az xəbər verir ki, "Report"un Türkiyə bürosunun məlumatına görə, görüş zamanı hər iki ölkənin ticarət əlaqələri ilə və Azərbaycanda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu ilə bağlı müzakirələr keçirilib.
Qeyd edək ki, dekabrın 23-də Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi–AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.
Tədbirdə Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən ticarət naziri Ömer Bolat və hər iki ölkədən digər rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.











































