
Məlum olduğu kimi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin fevralın 5-də keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) çıxarılıb. Qərara əsasən, onlardan bir neçəsi ömürlük həbs cəzasına, digərləri isə fərqli müddətə həbs cəzasına məhkum ediliblər.
Təəssüflər olsun ki, hər zaman Roma papasından daha çox katolik olmaq iddiasına düşən bəzi ünsürlər bu dəfə də eyni ampluada özlərini göstəriblər. Bunlardan biri də Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulindir. O Azərbaycan məhkəməsinin erməni cinayətkarlarla bağlı çıxardığı qərarı tənqid edib.
“Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Newscenter.az-a deyib ki, Zatulin bir qayda olaraq ermənipərəsət mövqeyi ilə seçilən Rusiya siyasilərindəndir:
“İkinci Qarabağ Müharibəsi zamanı Zatulinin Rusiya media məkanından Azərbaycana qarşı kin, qəzəb püskürdüyü, haqq işimiz uğrunda apardığımız mübarizəni ermənilərin hüquq və azadlıqlarının pozulması kimi qələmə verdiyi hər kəsə məlumdur. O zaman Zatulinin əlində imkan olsaydı hətta əlinə silah alaraq Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşərdi. Ona görə də Zatulin və onun kimi erməni maliyyəsinə yaşayan rusiyalı siyasilərdən başqa nəsə gözləməyə dəyməz. Onlar bundan sonra da ciddi cəhdlə dəridən-qabıqdan çıxaraq erməni maraqlarından çıxış edəcək, haqlı və haqsız Ermənistanı müdafiə edəcəklər”.
Arzuman Muradlı qeyd edib ki, ancaq bütün halda heç bir kənar qüvvə, təsir Azərbaycanın müstəqil siyasətinə, qəbul etdiyi qərarlara təsir edə bilməz:
“Necə ki, İkinci Qarabağ Müharibəsi zamanı başladığımız haqq işi uğrunda mübarizədən bizi geri döndərmək üçün çox cəhdlər oldu, xarici təsirlər göstərildi. Lakin Azərbaycan dövləti heç bir kənar təsirlərə məhəl qoymayaraq öz yolunu davam etdirdi. Bütün bunları, dövlətimizin tutduğu yol və həyata keçirdiyi müstəqil siyasət kursunu nəzərə alaraq əminliklə deyə bilərik ki, Zatulin kimi sərsəmlər Azərbaycan dövlətinin qərarlarına təsir etmək gücündə deyillər”.
Süleyman












































