
XXI əsr iki fərqli qütbü özündə cəmləşdirib. Onlardan biri ənənəvi dünya, digəri isə virtual aləmdir. Ənənəvi dünyada biz bioloji varlığıq və məkanımız məlumdur. Virtual aləmdə isə məkanımız məlum deyil, canlı iştirakımız yoxdur, biz orada yalnız təmsilçi obrazdayıq, yəni profilimiz var.
Müasir dövrun uşaqaları ənənəvi və virtual aləmin kəsişdiyi bir dövrdə yaşadıqları üçün ənənəvi etiket qaydalarına riayət etməklə bərabər, virtual aləmdə də etik davranmalıdır. Buna görə də, XXI əsrin uşaqlarının davranış kodeksi var ki, onlar hərəkətlərini bu qaydalara uyğunlaşdırmalıdır.
Qeyd etdiyimiz kimi, rəqəmsal dünyada yaşadıqları üçün əməl etməli olduqları qaydalardan biri rəqəmsal etika adlanır. Bu qaydaya əsasən, canlı ünsiyyət zamanı qarşı tərəfə hörmət olaraq əlindəki telefonu kənara qoymaq lazımdır, sosial şəbəkədə kiminsə şərəf və ləyaqətini alçatmaq olmaz, icazə almadan kimisə hər hansı bir qrupa daxil etmək olmaz, kiminsə icazəsi olmadan onun şəklini paylaşmaq yolverilməzdir. Bu rəqəmsal etikaya nəyinki uşaqların, hətta böyüklərin də əməl etməsi şərtdir.
Ənənəvi dünya bizim bioloji və sosial varlığımızın təməlidir. Burada kollektiv daxilində davranış önəmlidir. Bunun üçün qaydalar var ki, onlara riayət etmək vacibdir. Məsələn, istər fərdi, istərsə də fiziki xüsusiyyətləri fərqli olan yaşıdlarına qarşı tolerant və mehriban yanaşmaq, xahiş və təşəkkür etməyi bacarmalı və sair. Həmçinin onlar təhlükəsizlik, vaxtın idarəedilməsi, təbiəti qorumaq və sair qaydalara da riayət etməlidir.
Unutmayaq ki, uşaqlar üçün davranış kodeksi qadağa deyil, qaydalar məcmusudur. Bu qaydalar onların təhlükəsiz yaşamaları və dünyanı dərk etmələri üçün doğru çəkilmiş trayektoriyadır.
Ruhiyyə Mehdiyeva, fəlsəfə doktoru
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini












































