Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölüm cəzasının ləğvi təkcə hüquqi akt deyil

Ölüm cəzasının ləğvi təkcə hüquqi akt deyil


"1998-ci il fevralın 10-da Azərbaycan Respublikasında ölüm cəzası tamamilə ləğv edilmişdir. Bu qərar ölkənin hüquqi tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, dövlətin insan hüquqlarına, humanizm prinsiplərinə və beynəlxalq hüquqi dəyərlərə sadiqliyinin bariz ifadəsi kimi qiymətləndirilir. Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl ölüm hökmünü ləğv etməklə, barələrində belə hökm çıxarılmış şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmişdir. Hazırda bir sıra dövlətlərdə, o cümlədən ABŞ-da və Avropa Şurasına üzv olan bəzi ölkələrdə ölüm cəzası qüvvədə qalsa da, Azərbaycan bu cəzanı hüquq sistemindən çıxarmaqla daha humanist cəza siyasəti modelini seçmişdir".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, habelə şəxsiyyət, ictimai təhlükəsizlik, ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə tətbiq edilir:

"Qanunvericiliyə görə, cinayəti törədənədək on səkkiz yaşına çatmamış şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən az olmayan və iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bu cəza növü bütün müddət ərzində həbsxana rejimində saxlanılmaqla icra olunur. Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiqi məsələsi məhkəmə tərəfindən həll edilir. Əgər bu barədə qərar qəbul edən hakimlərdən biri xüsusi rəydə qalarsa, həmin şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz".

Hüquqşünas qeyd edib ki, hazırda bu cəzaya məhkum olunmuş şəxslər UnBakı Penitensiar Müəssisəsində cəza çəkirlər:

"Ölüm cəzasının ləğv edildiyi vaxt bu cəza növü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum mövcud olmuşdur. Qeyri-rəsmi məlumatlara əsasən, hazırda onlardan təxminən 80 nəfərə yaxını cəzasını çəkməkdə davam edir.

Ölüm cəzasının ləğvi təkcə hüquqi akt deyil, eyni zamanda cəmiyyətin cəzalandırma fəlsəfəsinə yanaşmasının dəyişməsi, insan həyatının ali dəyər kimi qəbul edilməsi və dövlətin cəza siyasətində humanizm prinsipini üstün tutmasının göstəricisidir".

Süleyman
Xəbəri paylaş