
"Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf modelində keyfiyyətcə yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər. Əgər son 20 ildə Azərbaycanın əsas iqtisadi dayağı enerji və nəqliyyat infrastrukturu olmuşdursa, indi hədəf bu fiziki infrastrukturu rəqəmsal infrastrukturla tamamlayaraq yeni iqtisadi arxitektura formalaşdırmaqdır.
Çıxışda süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlar kimi təqdim edilməsi qlobal trendlərlə uzlaşır. Müasir dünyada rəqabət artıq təkcə təbii resurslar və ya coğrafi mövqe üzərindən deyil, məlumatın idarə olunması, texnoloji innovasiya və rəqəmsal suverenlik üzərindən gedir. Azərbaycan rəhbərliyi də bu reallığı qəbul edərək rəqəmsal inkişafı prioritet elan edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, burada diqqət çəkən əsas məqamlardan biri mövcud üstünlüklərin yeni mərhələyə transfer edilməsidir:
"Azərbaycan uzun illər ərzində neft-qaz və nəqliyyat dəhlizləri sahəsində transmilli layihələr icra edib, beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsi formalaşdırıb və investisiya etibarlılığı baxımından sabit imic yaradıb. İndi isə məqsəd həmin təcrübəni rəqəmsal iqtisadiyyat sahəsinə yönəltməkdir. Enerji və nəqliyyat dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərinə çevrilməsi ideyası bu strategiyanın məntiqi davamıdır.
Cənab Prezident tərəfindən enerji potensialının vurğulanması da təsadüfi deyil. Data mərkəzləri və süni intellekt infrastrukturu böyük enerji resursları tələb edir. Azərbaycanın generasiya gücünün artması və istifadə edilməyən ehtiyatın mövcudluğu ölkəyə bu sahədə regional mərkəzə çevrilmək imkanı verir. Xüsusilə bərpaolunan enerji layihələrinin genişlənməsi rəqəmsal inkişafın “yaşıl enerji” ilə sinxron qurulmasına şərait yarada bilər".
Politoloq qeyd edib ki, digər mühüm istiqamət institusional koordinasiyadır:
"Prezidentin dövlət qurumları arasında pərakəndəliyin aradan qaldırılması, vahid fəaliyyət planının hazırlanması və “mygov” üzərindən mərkəzləşdirilmiş xidmət modelinə keçidlə bağlı tapşırıqları rəqəmsal transformasiyanın idarəetmə aspektinə yönəlib. Bu, texnoloji deyil, həm də struktur islahatı deməkdir.
Ölkə başçısı tərəfindən kadr hazırlığı və kibertəhlükəsizlik məsələlərinin ayrıca vurğulanması isə göstərir ki, strategiya yalnız infrastruktur qurmaqla məhdudlaşmır. Rəqəmsal transformasiya insan kapitalı və təhlükəsizlik mexanizmləri olmadan dayanıqlı ola bilməz.
Ümumilikdə, çıxış Azərbaycanın enerji əsaslı iqtisadi modeldən mərhələli şəkildə bilik və texnologiya əsaslı modelə keçid niyyətini ortaya qoyur".
Süleyman












































