
1988-ci ildən etibarən Ermənistanda Azərbaycana qarşı baş qaldıran ərazi iddiaları tədricən Dağlıq Qarabağda silahlı münaqişəyə çevrilirdi. Erməni silahlı birləşmələrinin Azərbaycan kəndlərinə müntəzəm olaraq basqın etməsi, əhalini qorxu və vahimə içində saxlaması, paralel olaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın deportasiya nəticəsində öz ev-eşiklərindən qovulması Ermənistanın XX əsrdə həyata keçirdiyi yeni etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
Azərbaycanlı əhalinin öz doğma torpaqlarından zorla qovulması, mülki əhaliyə qarşı sistemli zorakılıq təəssüflər olsun ki, sivil dünyanın, beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verirdi. Ermənistan dövlətinin bu zorakılığına, azərbaycanlıları öz ev-eşiklərindən didərgin salmasına qarşı ciddi tədbir görmək əvəzinə, beynəlxalq aləmdə ədalət axtaran siyasi təsisatların bu prosesləri səssiz izləməsi, eyni zamanda cəzasızlıq mühitinin mövcudluğu erməni silahlı birləşmələrini daha dəhşətli cinayətlər törətməyə sövq edirdi. 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı da məhz həmin cəzasızlıq mühitindən irəli gələn cinayət idi.
Həmin dövrdə Xocalını ələ keçirmək erməni silahlı birləşmələri üçün əsas hədəf idi və diqqət Xocalının işğalına yönəlmişdi. Çünki Xocalı şəhəri strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyırdı. Şəhərdə bölgənin yeganə hava limanı mövcud idi və Xocalı əsas kommunikasiya yolları üzərində yerləşirdi. Xocalının işğal edilməsi sonrakı mərhələdə Azərbaycanın digər şəhər və rayonlarını da ələ keçirməyə aparan yolun başlanğıcı idi.
Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Şəhər tam mühasirəyə alındı və mülki əhalinin Xocalıdan çıxması üçün humanitar dəhliz təmin edilmədi. Ölümdən qaçmağa çalışan dinc sakinlər meşələrdə, dağ yollarında və açıq ərazilərdə amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü, bir çox insan işgəncələrə məruz qaldı.
Erməni cinayətkarlarının Xocalıda törətdikləri vəhşiliklər nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olub. Xocalı qətliamı zamanı 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq qətlə yetirilib. 27 ailənin yalnız 1 üzvü sağ qalıb.
Soyqırımı nəticəsində 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 230 ailə başçısı erməni vəhşiliyinin qurbanı olub, 76 nəfər həddi-buluğa çatmayan olmaqla, ümumilikdə 487 insan Xocalı faciəsi zamanı şikəst olub. Erməni caniləri insanlıq əleyhinə cinayətlərini Xocalıda həyata keçirdikləri vəhşiliklərlə tamamlamayıblar. Onlar soyqırımından canını qurtarmağa, dağ yolları ilə qaçmağa çalışan vətəndaşlarımızı tutaraq əsir götürüb Ermənistana aparıblar. Ümumilikdə əsir götürülmüş 1275 nəfər erməni cinayətkarlarının əlində olduqları müddətdə ağlasığmaz vəhşiliklərlə, qəddarlıqlarla üzləşiblər. Onlardan 1165 nəfəri daha sonra girovluqdan azad edilsə də, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur.
Xocalıda törədilənlərin açıq-aşkar soyqırımı olduğu erməni vəhşiliklərindən aydın görünürdü. Bu vəhşilik təkcə insanlara qarşı deyil, həm də təbiətə, mövcud infrastruktura, ümumilikdə Xocalıya münasibətdə özünü büruzə verirdi. Təsadüfi deyil ki, işğal nəticəsində Xocalı şəhəri tamamilə xarabalığa çevrilmişdi. 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Həmçinin şəhərdə XIV–XV əsrlərə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, Xocalı qəbiristanlığı vandalizmin qurbanına çevrilmişdi.
Bütün bu faktlar Xocalıda törədilənlərin təsadüfi hərbi əməliyyat deyil, dinc əhaliyə qarşı yönəlmiş məqsədli qırğın, soyqırımı olduğunu deməyə əsas verir.
Beynəlxalq hüquqa görə də, ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlıq əleyhinə cinayət və müharibə cinayətləri ilə eynilik təşkil edir. Qeyd edilənlər beynəlxalq hüquq normalarına tam uyğundur. 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya nəzər salsaq görərik ki, həm həmin sənəd, həm də Cenevrə konvensiyaları müharibə və hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunmasını tələb edir. Lakin Xocalıda bu prinsiplər tamamilə, həm də kobud şəkildə pozulub. Bu da onu deməyə əsas verir ki, Xocalıda həyata keçirilən soyqırımı əvvəlcədən düşünülmüş və planlı şəkildə icra edilmiş vəhşilik olub. Təsadüfi deyil ki, keçmiş erməni döyüşçüləri, hətta sabiq Ermənistan prezidenti Serj Sərkisyan da verdikləri açıqlamalarda bunu etiraf ediblər.
Beləliklə, XX əsrdə – 1992-ci ilin 26 fevralında – bəşəriyyət misli görünməmiş soyqırımına şahidlik etdi. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin Holokost soyqırımından fərqi yox idi. Hər ikisi insanlıq əleyhinə, müharibə qanunlarının kobud şəkildə pozulması fonunda tarixə düşmüş qanlı faciə idi. Holokost soyqırımı kimi, Xocalı qətliamı da XX əsrdə baş vermiş və təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi.
Soyqırımı baş verdiyi gündən onun beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Düzdür, ilk illərdə ölkəyə rəhbərlik edən hakimiyyətlərin səriştəsizliyi, bir çox hallarda isə onu ört-basdır etmək cəhdləri müşahidə olunsa da, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində fəaliyyət yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi elan edildi.
Xocalı soyqırımının dünyaya çatdırılması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası insanlıq əleyhinə işlədilmiş bu cinayətin beynəlxalq aləmə çatdırılmasında mühüm addım oldu. Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyəti nəticəsində, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində indiyədək 18 ölkənin qanunverici orqanı, eləcə də ABŞ-ın 24 ştatı müvafiq parlament qətnamələri qəbul edib. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub.
Bu gün əminliklə deyə bilərik ki, Xocalı soyqırımı qurbanlarının ruhları şaddır. Çünki 34 il əvvəl soyqırımını həyata keçirən erməni silahlı dəstələrinin bəzi üzvləri layiqli cəzalarını alıb, 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz kimi Xocalı da Ali Baş Komandan və onun Müzəffər Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində azad olunub. Bu gün hər bir azad edilmiş şəhər və rayonumuz kimi Xocalı da yenidən qurulur, onun doğma sakinləri öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə göstərilən yüksək hörmət və ehtiramın nümunəsidir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı












































