Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konstitusiya telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların məxfiliyini təmin edir

Konstitusiya telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların məxfiliyini təmin edir


"Azərbaycanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmişdir. Xüsusilə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılması ilə bağlı səlahiyyətlərin müəyyən hallarda genişləndirilməsi bəzi dairələrdə narahatlıq və çaşqınlıq yaradıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda guya bundan sonra istənilən şəxsin telefonuna və ya kompüterinə sərbəst müdaxilə edilə biləcəyi iddia olunur. Halbuki hüquqi mahiyyət tamamilə fərqlidir və məsələyə emosional deyil, normativ-hüquqi müstəvidə yanaşmaq lazımdır".

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O qeyd edib ki, təklif olunan dəyişiklik “təxirə salınması mümkün olmayan hallar” anlayışı çərçivəsində tətbiq edilir:

"Söhbət konkret olaraq şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətlərin törədilməsi və ya həmin cinayətlərə hazırlıqla bağlı hallardan gedir. Əgər istintaq orqanında informasiya-kommunikasiya texnologiyaları sistemində, onun hissələrində, elektron məlumat daşıyıcılarında və ya elektron verilənlərdə cinayət üzrə sübut əhəmiyyəti daşıyan məlumatların gizlədilməsi və ya məhv edilməsi təhlükəsi barədə dəqiq və əsaslı məlumat varsa, müstəntiq operativ qərar qəbul edə bilər. Burada əsas şərt real, konkret və sübuta əsaslanan riskin mövcudluğudur. Bu isə özbaşınalıq deyil, qanunla müəyyən edilmiş istisna mexanizmdir. Azərbaycan Respublikasının Konstitusiyası şəxsi və ailə həyatının toxunulmazlığını, yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların məxfiliyini təmin edir".

Hüquqşünas qeyd edib ki, bu hüquqlar yalnız qanunla və məhkəmə nəzarəti ilə məhdudlaşdırıla bilər. Mövcud dəyişiklik də məhz qanun çərçivəsində nəzərdə tutulur və yalnız artıq barəsində cinayət işi başlanmış şəxsə münasibətdə tətbiq edilə bilər:

"Yəni istənilən vətəndaşın telefonuna səbəbsiz və əsasız müdaxilə etmək hüquqi baxımdan mümkün deyil və belə hərəkət özü cinayət məsuliyyəti yaradır. Burada mühüm məqamlardan biri də sonradan məhkəmə nəzarətinin təmin edilməsidir. Təxirəsalınmaz hallarda məhkəmə qərarı olmadan aparılmış axtarış və ya götürmə prosessual qaydada rəsmiləşdirilməli, əldə edilmiş materialların qanuniliyinə qiymət verilməlidir. Əgər bu hərəkətlər qanun pozuntusu ilə həyata keçirilərsə, əldə olunmuş sübutlar yolverilməz hesab oluna bilər. Bu isə istintaq orqanı üçün ciddi hüquqi nəticələr yaradır. Deməli, mexanizm həm operativliyi, həm də hüquqi nəzarəti paralel şəkildə nəzərdə tutur. Elektron daşıyıcılara baxış məsələsində də mütəxəssis iştirakı şərti təsbit olunur. Bu, həm sübutların bütövlüyünün qorunması, həm də məlumatların dəyişdirilməsinin və ya saxtalaşdırılmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Proses protokollaşdırılır və müdafiə tərəfinin də hüquqları təmin edilir. Müdafiəçi qanunla nəzərdə tutulmuş qaydada etiraz vermək, vəsatət qaldırmaq və sübutların yolverilməzliyini tələb etmək imkanına malikdir".

Əli İbrahimov onu da bildirib ki, cəmiyyət arasında yayılan “hər kəsin telefonuna baxılacaq” kimi iddialar hüquqi reallığı əks etdirmir:

"Cinayət işi başlanmamış, prosessual statusu müəyyən edilməmiş şəxslərə münasibətdə bu cür müdaxilə qanunsuzdur və cinayət məsuliyyəti yaradır. Qanunvericilikdə şəxsi məlumatların qorunması, xüsusi həyatın toxunulmazlığı və rabitə sirrinin mühafizəsi ilə bağlı kifayət qədər sərt normalar mövcuddur. Əslində dəyişiklik texnoloji reallıqlardan irəli gəlir. Müasir dövrdə cinayətlərin mühüm hissəsi rəqəmsal mühitdə planlaşdırılır və həyata keçirilir. Elektron sübutların saniyələr içində silinməsi və ya şifrələnməsi mümkündür. Bu baxımdan, istintaqın effektivliyi ilə konstitusion hüquqlar arasında balansın qorunması əsas prinsip kimi saxlanılır. Təklif edilən norma da məhz bu balansı təmin etməyə yönəlib.

Nəticə etibarilə, dəyişiklik istintaq orqanlarına qeyri-məhdud və nəzarətsiz səlahiyyət vermir. Söhbət yalnız konkret cinayət işi çərçivəsində, təxirəsalınmaz hallarda, sübutların məhv edilməsi təhlükəsi mövcud olduqda tətbiq edilən prosessual mexanizmdən gedir. Qanunun düzgün izahı və ictimaiyyətə dəqiq məlumatın verilməsi vacibdir ki, hüquqi məsələlər emosional müstəviyə daşınmasın. Hüquqi dövlət prinsipi tələb edir ki, həm cinayətkarlıqla mübarizə effektiv aparılsın, həm də vətəndaşların konstitusion hüquq və azadlıqları tam şəkildə qorunsun".

Süleyman
Xəbəri paylaş