
Vətənin azadlığı və dövlətin müstəqilliyi asan əldə olunmur. Bu müqəddəs dəyərlər uğrunda minlərlə igid övlad canından keçmiş, sağlamlığını itirmiş, ailələr isə ömürlük ayrılıq və həsrət yükünü daşımalı olmuşdur. Məhz buna görə şəhid ailələri, müharibə əlilləri və veteranlar hər zaman dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmalı olan ən dəyərli insanlardır. Onların müdafiəsi yalnız sosial məsələ deyil, həm də milli şərəf, mənəvi borc və vətəndaş məsuliyyətidir.
Şəhidlik ən ali zirvə, ən uca məqam hesab olunur. Şəhid ailələri isə bu müqəddəs zirvənin canlı daşıyıcılarıdır. Onlar yalnız bir övlad, ata, qardaş və ya həyat yoldaşı itirməmiş, eyni zamanda Vətən naminə verilmiş böyük bir qurbanın ağrısını ömür boyu yaşamağa məcbur qalmış insanlardır. Buna görə də şəhid ailələrinə göstərilən diqqət təkcə maddi təminatla məhdudlaşmamalıdır. Onların mənəvi dəstəyə, cəmiyyət içində hörmət və qayğı ilə qarşılanmağa, daim xatırlanmağa ehtiyacı vardır. Şəhid adlarının yaşadılması, xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin hər zaman diqqət mərkəzində saxlanılması milli yaddaşın qorunmasının əsas göstəricilərindəndir.
Şəhid övladlarının gələcəyi xüsusi əhəmiyyət daşıyır. Onların keyfiyyətli təhsil alması, sosial rifahının təmin olunması, vətənpərvərlik ruhunda böyüməsi dövlətin gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Müharibə əlilləri Vətənin müdafiəsi uğrunda sağlamlığını qurban verən igidlərdir. Onların həyat yolu fədakarlığın və iradənin ən parlaq nümunəsidir. Döyüş meydanında göstərilən qəhrəmanlıq müharibədən sonra həyata yenidən uyğunlaşmaq mübarizəsi ilə davam edir. Bu səbəbdən onların tibbi reabilitasiyası, psixoloji dəstəyi, müasir protez və bərpa imkanları ilə təmin olunması, sosial həyata inteqrasiyası böyük əhəmiyyət daşıyır. Müharibə əlillərinin əmək fəaliyyətinə cəlb olunması, peşə bacarıqlarının inkişaf etdirilməsi onların cəmiyyətin fəal üzvü kimi yaşamasına imkan yaradır və özlərinə olan inamı gücləndirir.
Müharibə veteranları isə tariximizin canlı salnaməsidir. Onlar keçilmiş döyüş yolunun şahidləri, gələcək nəsillərə qəhrəmanlıq ruhunu ötürən mənəvi körpüdür. Onlara göstərilən hörmət yalnız fərdi münasibət deyil, bütövlükdə xalqın öz tarixinə və qəhrəmanlarına verdiyi dəyərin göstəricisidir. Veteranların sosial rifahının qorunması, sağlamlıqlarının diqqətdə saxlanılması və ictimai həyatda fəallığının dəstəklənməsi cəmiyyətin mənəvi sağlamlığının mühüm hissəsidir.
Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların müdafiəsi dövlət tərəfindən həyata keçirilsə də, bu məsuliyyət yalnız rəsmi qurumların üzərinə düşməməlidir. Hər bir vətəndaş bu insanlara hörmətlə yanaşmalı, onların fədakarlığını unutmamalı və milli həmrəyliyin qorunmasına öz töhfəsini verməlidir. Çünki Vətən uğrunda edilən fədakarlıq yalnız bir ailənin deyil, bütün xalqın şərəfidir.
Bu qəhrəman insanlar sübut etdilər ki, Vətən sevgisi sadəcə söz deyil, lazım gəldikdə həyatını belə fəda etmək cəsarətidir. Onların xatirəsini yaşatmaq, ailələrini qorumaq və sosial rifahını təmin etmək gələcək nəsillərə ötürüləcək ən böyük mənəvi mirasdır. Güclü dövlət yalnız ordusu ilə deyil, öz qəhrəmanlarına göstərdiyi qayğı ilə də tanınır.
Sonda isə unutmamalıyıq ki, hər birimiz bu insanların qarşısında mənəvi məsuliyyət daşıyırıq. Onların hüquqlarını müdafiə etməli, problemlərinə biganə qalmamalı, göstərdikləri fədakarlığı daim uca tutmalı, layiq olduqları hörmət və qayğını göstərməliyik.
Dürdanə Qaraşova
Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini
Newscenter.az üçün












































