
"Azərbaycanın davamlı şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi güclü və qüdrətli, etibarlı və nüfuzlu dövlətimizin mövcudluğunun əyani sübutdur. Əlbəttə ki, ölkəmiz son illərdə dayanıqlı inkişaf, müasir şəhərsalma və ekoloji yanaşmaların tətbiqi sahəsində mühüm addımlar ataraq beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilib. Ölkədə həyata keçirilən innovativ infrastruktur layihələri və “yaşıl inkişaf” strategiyası şəhərlərin daha müasir və dayanıqlı formada inkişafına şərait yaradır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın qlobal şəhərsalma proseslərində fəal iştirakını nümayiş etdirən əhəmiyyətli platforma hesab olunur. Forum eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən və xarici tərəfdaşlarla yeni əlaqələrin qurulmasına töhfə verən mühüm tədbir kimi qiymətləndirilir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər:
"Ölkə başçısı çıxışı zamanı bildirib ki, bu gün qlobal miqyaslı bir forumun Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsinə, şəhərlərin davamlı inkişafına, insanların həyat keyfiyyətinin yüksəldilməsinə və onların daha komfortlu yaşayış şəraiti ilə təmin olunmasına verdiyi önəmin bariz ifadəsidir. Onun sözlərinə görə, ölkə həm paytaxt Bakı, həm də digər qədim şəhərləri ilə zəngin memarlıq irsinə malikdir və bu irs Azərbaycanın şəhər kimliyinin mühüm hissəsini təşkil edir".
Şeyda













































