
Cənab Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsində səslənən fikirlərdən sonra əsas məsələ zənnimcə, statistik hesabat yox, strateji nəticə çıxarmaqdır.
Müşavirədə açıq görünən əsas məqam budur ki, son illərdə aqrar sahədə mühüm nəticələr əldə olunsa da, səslənən rəqəmlər bəzi istiqamətlər üzrə əlavə addımlara və yeni yanaşmalara ehtiyac olduğunu göstərir.
Ən diqqət çəkən nümunə buğda məsələsidir. Azərbaycan buğda ilə özünü cəmi 55 faiz təmin edir. Belə ki, 1 milyon 573 min ton daxili istehsala qarşılıq 1 milyon 267 min ton idxal həyata keçirilir.
Bu göstəricilər aqrar siyasətdə növbəti mərhələdə əsas diqqətin artıq sadəcə istehsal həcminə deyil, məhsuldarlığın və səmərəliliyin artırılmasına yönələcəyini göstərir.
Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır.
Hazırda taxıl üzrə orta məhsuldarlıq hektardan 3,2 tondur. Hədəf isə 5 ton. Əslində bu fərq aqrar siyasətin əsas mahiyyətini göstərir. Yəni yeni mərhələ daha çox torpaq əkmək mərhələsi yox, mövcud torpaqdan daha yüksək məhsul almaq mərhələsidir.
Müşavirədən çıxan əsas çağırışlar bir neçə istiqamətdə təsnifləşdirmək olar. Birincisi, su məsələsidir. 130 min hektarda tətbiq olunan müasir suvarmanın 300 min hektara çatdırılması hədəf qoyulur. Çünki artıq iqlim dəyişiklikləri aqrar siyasətin mərkəzinə keçib.
İkincisi, subsidiya mexanizmləridir. Müşavirədə açıq şəkildə bildirildi ki, illərlə dəyişməyən subsidiya modeli effektiv deyil. Subsidiyalar bazar tələbi, ixrac potensialı və məhsuldarlığa uyğun çevik dəyişməlidir.
Üçüncüsü, aqrar emaldır. Azərbaycan bir çox hallarda xammal ixrac edir, emal məhsulu idxal edir. Bu isə əlavə dəyərin ölkə daxilində formalaşmaması deməkdir. Pambıq üzrə “mahlıc yox, hazır məhsul” mesajı məhz buna hesablanıb. Ümumiyyətlə, mən aqrar emalı kənd təsərrüfatının ən birinci dəstəkləyici istiqaməti hesab edirəm. Yeni yaradılan dəyər bir çox istiqamətlərə ciddi effektlər verər.
Dördüncüsü, kənddən şəhərə miqrasiyadır. Müşavirədə səslənən “şəhərdən kəndə qayıdış” fikri əslində iqtisadi model mesajıdır. Əgər kənddə gəlir, xidmət, logistika və sosial infrastruktur rəqabətli olmazsa, urbanizasiya dayanmayacaq. Odur ki, yeni proqram kəndlərdə gəlir imkanlarının, xidmətlərin, logistikanın və sosial infrastrukturun daha rəqabətli səviyyəyə çatdırılmasına yönəlməlidir.
Beşincisi, texnologiya məsələsidir. Torpaq pasportlaşdırılması, süni intellekt, peyk məlumatları, rəqəmsal analizlərin vurğulanması göstərir ki, aqrar sektor artıq ənənəvi idarəetmədən texnologiya əsaslı idarəetməyə keçir.
Zənnimcə, yeni Dövlət Proqramı hazırlanarkən tək istehsal deyil, məhsulun bazara çıxış mexanizmləri də diqqətdə olmalıdır. Çünki bəzi hallarda fermer məhsulu aşağı qiymətə satır, istehlakçı isə eyni məhsulu şəhərdə xeyli baha alır.
Eyni zamanda, aqrar məlumat və proqnozlaşdırma sistemlərinin daha işlək formaya gətirilməsi vacibdir ki, bazarda bəzi məhsullar üzrə bir il kəskin bolluq, növbəti il isə ciddi çatışmazlıq yaranmasın.
Müşavirədə səslənən bir vacib məqam da odur ki, hesablamalara görə qarşıya qoyulan hədəflərə nail olmaq üçün aqrar sektora milyardlarla manat həcmində investisiya tələb olunur. Burada məsuliyyət tək dövlətin üzərinə düşmür. Özəl sektorun da prosesdə əsas rol oynayacağı açıq görünür. Amma bunun üçün regionlarda əlverişli iqtisadi mühit, resurslara bərabər çıxış, su təminatı, logistika və rəqabətli imkanlar formalaşmalıdır. Çünki iqtisadiyyatın əsas qanunlarından biri budur ki, kapital özünü təhlükəsiz, sərbəst və inkişaf edə biləcəyi mühitə yönəldir.
Ümumilikdə, xüsusilə WUF13-dən sonra kəndlərin iqtisadi dayanıqlılığı, regionlarda həyat və məşğulluq imkanları, Bakının artan yükünün balanslaşdırılması fonunda belə müşavirənin keçirilməsi zənnimcə olduqca vacib və zamanında verilmiş mesaj idi. Cənab Prezidentin müşavirədə qarşıya qoyduğu konkret hədəflər və verdiyi tapşırıqlar isə aqrar siyasətdə növbəti mərhələnin əsas istiqamətlərini açıq şəkildə göstərdi.
Eldəniz Əmirov, iqtisadçı












































