
"Bəzən tarixdə elə hadisələr baş verir ki, onların əsl mahiyyəti yalnız aradan onilliklər keçdikdən sonra aydın görünür. 1926-cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda keçirilən Birinci Türkoloji Qurultay da məhz belə hadisələrdəndir. O, təkcə türkologiya elminin tarixində deyil, bütövlükdə Türk dünyasının intellektual və mədəni inkişaf salnaməsində yeni mərhələnin başlanğıcını qoymuş müstəsna elmi-siyasi hadisə idi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan (Azərbaycanın işğalı) cəmi altı il keçmişdi. Azərbaycan və digər türk xalqları sovet hakimiyyəti altında yaşayırdı. Milli dövlətçilik ideyaları ciddi ideoloji nəzarət şəraitində idi. Bununla belə, həmin dövrdə Bakı Türk dünyasının elmi və mədəni cazibə mərkəzinə çevrilərək tarixdə ilk dəfə müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının ziyalılarını, alimlərini və mütəfəkkirlərini vahid elmi platformada bir araya gətirdi".
Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. O bildirib ki, Birinci Türkoloji Qurultay yalnız dilçilik və filologiya məsələlərinin müzakirə edildiyi toplantı deyildi:
"Əslində burada Türk dünyasının gələcək inkişaf modelinin elmi konturları müəyyənləşdirilirdi. Qurultayın qəbul etdiyi qərarlar ortaq əlifbanın yaradılması, terminologiyanın sistemləşdirilməsi, ana dilində təhsilin inkişafı, elmi metodologiyanın təkmilləşdirilməsi və ümumtürk elmi əməkdaşlığının gücləndirilməsi kimi fundamental istiqamətləri əhatə edirdi. Bu baxımdan, Qurultay XX əsrdə Türk dünyasının ilk genişmiqyaslı intellektual inteqrasiya layihəsi kimi qiymətləndirilə bilər.
Qurultayın möhtəşəmliyini onun iştirakçı heyəti daha aydın göstərir. Əli bəy Hüseynzadə milli ideologiyanın fəlsəfi əsaslarını, Bəkir Çobanzadə müasir türkologiyanın elmi metodologiyasını, Əhməd Baytursun milli maarifçilik modelini, Mehmed Fuad Köprülü türk tarixinin və mədəniyyətinin elmi konsepsiyasını, Salman Mümtaz klassik ədəbi irsin bərpasını, Səmədağa Ağamalıoğlu isə bu böyük intellektual təşəbbüsün təşkilati dayaqlarını təmsil edirdilər. Onların hər biri fərqli məktəbin nümayəndəsi olsa da, hamısını birləşdirən ortaq amal Türk xalqlarının elmi və mədəni gələcəyinin birlikdə qurulması idi".
Səftər Rəhimli qeyd edib ki, lakin tarix bu böyük şəxsiyyətlərə qarşı amansız oldu:
"Qurultayın yüzdən çox iştirakçısı sonrakı illərdə repressiyalara məruz qaldı. Bəkir Çobanzadə, Əhməd Baytursun, Salman Mümtaz, Cəlaləddin Qorxmazov, Hənəfi Zeynallı və onlarla başqa görkəmli alim totalitar sovet rejiminin qurbanına çevrildi. Onların bir qismi edam edildi, bir qismi sürgün olundu, əsərləri qadağan edildi, adları uzun illər elmi dövriyyədən çıxarıldı.
Ancaq tarix bir həqiqəti təsdiqlədi: fərdləri susdurmaq mümkündür, ideyaları isə yox.
Bu gün, Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd edərkən əsas məsələ yalnız tarixi xatırlamaq deyil. Əsas vəzifə həmin Qurultayın ideyalarını XXI əsrin reallıqları kontekstində yenidən düşünmək və onları yeni məzmunla zənginləşdirməkdir.
Əgər 1926-cı ildə əsas strateji məqsəd ortaq əlifba və ortaq terminologiya idisə, XXI əsrdə qarşıda duran vəzifələr daha genişdir. Bu gün Türk dünyasının inkişafı ortaq elmi məkanın formalaşdırılmasını, vahid rəqəmsal bilik bazalarının yaradılmasını, süni intellekt texnologiyalarında əməkdaşlığı, hüquqi terminologiyanın uyğunlaşdırılmasını, akademik mobilliyin genişləndirilməsini, ortaq elmi standartların müəyyən edilməsini və rəqəmsal mədəni irsin birgə qorunmasını zəruri edir.
Dil yalnız mədəni hadisə deyil. Dil hüququn, dövlət idarəçiliyinin, məhkəmə sisteminin, təhsilin, rəqəmsal idarəetmənin və milli təhlükəsizliyin əsas institutlarından biridir. Bu baxımdan, Birinci Türkoloji Qurultay yalnız filoloji hadisə kimi deyil, həm də Türk dünyasında hüquqi, mədəni və intellektual inteqrasiyanın tarixi başlanğıcı kimi qiymətləndirilməlidir".
Arzu












































