
"Dövr elə dəyişib ki, artıq yediyimiz yeməyin dadını dilimizdən öncə instaqramın alqoritmləri hiss edir. Keçmişə boylananda hamımızın xatirəsində eyni mənzərə canlanır: o çətin, "kasıb" deyilən Sovet və postsovet dövrünün ağır, heybətli xrustal qabları. İçindəki meyvələr qabın kənarından daşardı, ağzıbağız konfet qablarında yer tapılmayanda şirniyyatlar bir-birinin kürəyinə dırmaşardı. Qab çeşidi bəlkə az idi, amma o süfrələrdə bir "əliaçıqlıq", bir toxluq var idi.
İndi isə bərəkət rəngini və formasını dəyişib. "Səhər yeməyi" (bəzi yerlərdə buna aristokratik səslənsin deyə breakfast və ya brunch da deyirlər) adlı bir ritual peyda olub. Süfrəyə elə qablar düzürlər ki, çay qaşığını qoymağa utanırsan. Bir toxum zeytun, çay qaşığının ucu ilə şokolad, mikroskopik ölçüdə yağ və pendir... Adı olur "seriya qablar".
Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova qeyd edib. Onun sözlərinə görə, adam başına hesabı görəndə elə bilirsən ki, o mikro-zeytunlar xüsusi olaraq kosmosda yetişdirilib:
"Bir səhər çayının qiyməti 35-40 manatdan başlayır, amma süfrədən duranda adamın ağlı hələ də evdəki qazın üstündə qalan dünənki yeməkdə olur. Bu balacalaşma, bu qabların "mini" formata keçməsi əslində vizual bir aldatmacadır. Ciblərin boşalmasının, amma zahirən "müasirlik" adı altında gizlədilən gizli bir kasıblığın təzahürüdür. Təbii ki, bu festivalın baş qəhrəmanları: Bloqerlər!
Nənələrimiz o vaxt odun tapasında, qazın olmadığı dövrdə elə yeməklər bişirərdilər ki, qoxusu yeddi məhəllədən gələrdi. Analarımız qaz gələndən sonra da o ənənəni davam etdirdilər. Yeməyin növü bəlkə az idi, amma qazanlar dolu-dolu, süfrələr səliqəli idi. Ən əsası, heç kim o yeməyin şəklini çəkib divardan asmazdı. Heç o qadınların qədrini bilib, bir "sağ ol" deməyən ərlər var idi, amma yenə də o süfrənin bərəkəti qaçmazdı.
İndi isə sosial şəbəkəni açırsan, elə bil hamı dünənə qədər ac qalıb, bu gün tapıb. Süfrənin bəh-bəhi, "ay rəfiqəmin evi", "ay filankəsin villası", "baxın, süfrəmdə bu da var" nümayişi... Yeməyi götürüb kameranın qarşısında ağzını marçıldada-marçıldada yeyənləri isə ayrıca bir "elm sahəsi" kimi tədqiq etmək lazımdır. Dünyada bu xəstəlik bəlkə mukbanq videoları ilə Çində, Koreyada başladı, amma etiraf edək ki, bu məsələdə bizimkilər və türklər Asiya rekordu qırıblar. Eyni ağıl, eyni təfəkkür. İnsan niyə çeynədiyi loxmanı bütün dünyaya göstərmək istəsin ki? Nəyi sübut edirik? "Baxın, mən ac deyiləm" mesajımı, yoxsa "mən sizdən daha yaxşı yeyirəm" eqosumudur bu?".
Kəmalə Bayramova qeyd edib ki, Tiktok və instaqram artıq bir evdar qadın simulyasiyasına çevrilib:
"Səhər durub ev təmizləmək, qazan bulamaq, hər şeyi bəh-bəhlə danışmaq... Ay xanımlar, ay bəylər, bu onsuz da əsrlərdir edilən şeylərdir! Fərq ondadır ki, əvvəl telefon yox idi. Yaxşı ki də yox idi. Təsəvvür edin ki, o vaxt nənələrimizin əlində smartfon olsaydı: teleqram kanallarında odun yarmaq "layv"ları açar, instaqramda xəmir yoğurmağın "reels"ini çəkər, instastoridə isə "Bu gün babanız yenə bişirdiyim xəngəli bəyənmədi, rəydə fikirlərinizi yazın" deyə sorğu keçirərdilər.
Gülməli görünür, deyilmi? Amma bu gün tam olaraq bu absurdun içində yaşayırıq. Ekran qarşısında tox, real həyatda isə mənəvi olaraq ac bir nəsil yetişir. Bəlkə də o xrustal qabların ağırlığını və içindəki səmimi bolluğu geri qaytarmağın vaxtıdır heç olmasa kameraları söndürüb, yeməyin dadını çıxarmaq şərtilə".
Newscenter.az











































