Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yapon ekoloji mədəniyyəti: nədən qaynaqlanır və bizə hansı mesajlar verir?

Yapon ekoloji mədəniyyəti: nədən qaynaqlanır və bizə hansı mesajlar verir?



Ekoloji məsuliyyət cəmiyyətin gündəlik davranış koduna çevrilməlidir

Uşaqlıqdan həmişə Yaponiya məni orijinallığı, füsunkarlığı və əsrarəngizliyi ilə düşündürüb. Hətta, bu gündoğar ölkə ilə bağlı neqativ elementləri olan kitab oxuyanda belə, ölkənin və insanlarının özünəməxsusluğuna, dəyərlərinə heyran olurdum, rəğbət bəsləyirdim. Məsələn, məktəb illərində oxuduğum, sovet casusu Rixard Zorge ilə bağlı SSRİ jurnalistlərinin müəllifi olduğu kitab ideoloji qəlibdə yazılsa da, orada yapon mübarizliyi, ölkəni qoruma ilə bağlı qarşısıalınmaz instinkt, yaponların anadangəlmə güclü əks-kəşfiyyat qabiliyyətinə malik olması etiraf edilir. Yaşadığı ölkəyə dərin bağlılıq, həm də təbiətə qarşı heyrətamiz yapon məsuliyyətində, ətraf mühitə qarşı yapon həssaslığında özünü qabarıq göstərir. Bu yazının mövzusu da yapon ekoloji mədəniyyəti və təmizkarlığı haqqındadır.

Bu gün Yaponiyada - Tokio, Osaka, Kioto və digər şəhərlərin küçələrində addımlayan hər hansı turist və ya əcnəbi həmin yerlərin təmizliyinə heyran olur. Bununla yanaşı, təzadla qarşılaşırıq: orada küçələrdə zibil qutusu tapmaq olmur. Əgər bu mənzərə bu gün Avropanın, Asiyanın adlarını çəkmədiyim ölkələrində baş versəydi, yəni həmin yerlərdə zibil qutuları qoyulmasaydı, yəqin ki tullantılar dizə çıxardı. Bəs Yaponiyada bu niyə baş vermir? Əksinə, bu ölkənin şəhərlərində zibil qutuları olmamasına baxmayaraq, küçələr, ətraf tərtəmizdir, sanki indi yuyulub, təmizlənib. Bunun səbəbi nədir?

Bu təmizlik heç bir təmizlik ordusu, administrativ məcburiyyət, ya da yüksək məbləğli cərimələr sayəsində əldə olunmur. Bunun arxasında adi yapon insanı dayanır. Nəhəng futbol arenalarında oyundan sonra zibillənmiş ərazidəki zibilləri bir-bir təmizləyən yapon azarkeşləri xatırlayaq. Bu cür zibillənməsə də, Yaponiyada bu davranış milyonlarla vətəndaşın gördüyü ilk işlər sırasındadır. Milyonlarla yapon hər gün öz tullantısını çantasına qoyub evə aparır. Bu, yaponlarda hələ erkən yaşlardan formalaşmış güclü vərdişdir. Onlar hələ ibtidai sinifdə oxuyarkən hər gün dərsin sonunda sinif otaqlarını və məktəb dəhlizlərini özləri təmizləyirlər. Yaponlarda bu davranış erkən yaşlardan fərdi şüura həkk olunur. Bu, fərdin cəmiyyət və təbiət qarşısında tarixən formalaşmış məsuliyyəti, unikal ekoloji davranış modelidir.

Bəs necə olub ki, zibilə qarşı bu davranış yaponlar üçün gündəlik həyat tərzinə çevrilib?
Yapon təmizkarlığı: din və əxlaq, yoxsa məcburi qaydalar və cərimələr?

Çoxları bu fenomenin köklərini 1995-ci ildə Tokio metrosunda törədilən Sarin qazı terroruna bağlayırlar. Terror vaxtı təhlükəsizlik məqsədilə ictimai yerlərdəki zibil qutuları yığışdırılmışdı. Qeyd edilir ki, bundan sonra yaponlarda “zibilini özünlə evə apar” düşüncəsi oturuşmağa başladı. Yapon camaatı hökumətin bu göstərişindən şikayət etmək əvəzinə, zibili təmizləmək məsuliyyətini özlərinə önəmli vəzifə kimi qəbul etdilər.
Zənnimcə, belə möhkəm kök salmış, davranış normasına çevrilmiş vərdiş bircə hökumət göstərişi ilə formalaşa bilməz. Bunun nəsə daha dərin kökləri olmalıdır. Bu yerdə istər-istəməz, alman sosioloqu Maks Veberi xatırladım. Veber özünün məşhur "Protestant etikası və kapitalizmin ruhu" əsərində qeyd edir ki, din təkcə axirət inancı deyil.

Sosioloq dini insanların gündəlik sosial-iqtisadi davranışlarını və düşüncə tərzini formalaşdıran əsas drayver hesab edirdi. Onun fikrincə, Qərbdə baş verən yüksək intibah, tərəqqi və iqtisadi sıçrayış protestantlığın dünyəvi asketizmi, yəni “işə ibadət kimi baxmaq”la bağlıdır. Burada yaponların milli dini və yapon genetik kodu ilə sıx bağlı olan Şintoizmə, eləcə də Zen Buddizminə nəzər salmaq lazım gəlir.

Şintoizmdə natəmizlik və nizamsızlıq ruhun korlanması anlamına gəlir. Bu isə şər qüvvələrin çağırılması və insan həyatına zərərli müdaxiləsinə şərait yaradılmasına səbəb olur. Təmizlik isə insanı tanrılarla yaxınlaşdırır. Yaşadığın məkanı təmiz saxlamaq sadəcə gigiyena qaydası deyil, daxili dünyanı, ruhunu paklaşdırmaq deməkdir. Yaponların digər inancı olan Zen Buddizmində isə otağı süpürmək, əslində insanın öz eqosunu və zehni qarışıqlığını təmizləməsi kimi qəbul edilir.

Bu məqamlara diqqət yetirəndə, milyonlarla insanın hər gün öz tullantısını çantasına qoyub evə aparmasını bəsit intizam qaydası kimi qəbul etmək olmur. Belə çıxır ki, bu vərdiş əsrlər boyu inanclarla yoğrulub və refleksə çevrilib.

Yaponiyada ekoloji mədəniyyət qanundan əvvəl gəlir. Çünki inanc və əxlaq qaydalara yanaşmaya da sirayət edir. Qərbdə roman-german, anqlo-saks kimi hüquq sistemlərində, lap elə şəriətdə qaydalara riayət cərimələr, hüquq-mühafizə orqanları, cəzalar, kamera və s. ilə təmin edilir. Yapon insanında isə bu məsələ qanundan öncə, onun mənəvi aləmində baş verir. Başqasına narahatlıq və ya problem yaratmamaq yapon ruhuna xas düşüncə tərzi kimi qəbul edilir. Bu baxımdan, zibili küçəyə atmaq sadəcə ətraf mühiti çirkləndirmək deyil, həm də cəmiyyətə qarşı böyük hörmətsizlikdir. Burada “ümumi”yə görə məsuliyyət “təkcə”lərin, yəni fərdin istəyindən yüksəkdə dayanır. Beləliklə, qaydalardan və cərimələrdən öncə əxlaq kodeksi və ictimai qınaq öz sözünü demiş olur. Bununla da qaydalara əməl olunmasına nəzarətçi kimi insanın vicdanı və mənsub olduğu icmanın dəyərləri çıxış edir.

Təbii ki heç kəs anadangəlmə əxlaq və vicdanla doğulmur. Şəxsiyyətin formalaşması üçün vacib olan faktorları – ailə, məktəb, mühit və təhsili yada salaq. Yaponiyada ekoloji mədəniyyət də məhz ailə, məktəb və icmanın qarşılıqlı tərbiyələndirmə və dəyər aşılama üsulları sayəsində ərsəyə gəlir.

Yaponiyada evlərdə zibil çox dəqiqliklə çeşidlənir. Bəzi bələdiyyələrdə tullantılar 40-dan çox kateqoriyaya bölünür. Məsələn, plastik qabın özü, qapağı, etiketi və s. yuyularaq ayrı-ayrı çeşidlənir və qutulara qoyulur. Məktəblərdə isə xadimə ştatı yoxdur. Buna ehtiyac da duyulmur. Çünki məktəblilər kiçik yaşlardan "öz tullantıma görə özüm cavabdehəm" prinsipinə öyrəşirlər. Bu, sadəcə fiziki təmizlik deyil: bu, bərabərlik, əməyə hörmət və ortaq məkanı qorumaq dərsidir. Küçələrdə isə yaşlı nəslin və gənclərin könüllü olaraq birlikdə keçirdiyi zibiltoplama günləri bu zənciri tamamlayır.

Qeyd edilənlərdən görünür ki, tullantıların təmizlənməsi və çeşidlənməsində uğurlar təkcə təkrar tulllantı texnologiyaları və innovasiyaların tətbiqi ilə qazanılmır. Bu gün yetərincə inkişaf etmiş ölkələrin əsas şəhərlərinin zibilə “tabe olduğunu” tez-tez müşahidə edirik. Halbuki həmin ölkələr tullantılarla bağlı nəhəng büdcələr ayırırlar, amma səmərə vermir. Bu isə bir daha təmizliyin əld olunmasında, ətraf mühitin qorunmasında insan faktorunun, sosial-əxlaqi məsuliyyətin həlledici amil olduğunu ortaya qoyur. Yaponiya təcrübəsi də bunu deyir: tullantılarla düzgün davranış modeli əsasdır.

Qeyd edilənləri ümumiləşdirsək, ekoloji böhranları yalnız qanunvericilik aktları ilə aradan qaldırmaq mümkün deyil. Bunun üçün ekoloji məsuliyyət cəmiyyətin gündəlik davranış koduna çevrilməlidir.

Fuad Hüseynzadə

Bu yazı Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikirlər müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Xəbəri paylaş