
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyi (ATXƏM) xalq şairi Nəriman Həsənzədənin vəfatı ilə bağlı nekroloq yayıb. Newscenter.az həmin nekroloqu təqdim edir:
Azərbaycan ədəbiyyatına ağır itki üzv vermişdir. Xalq şairi, müasir poeziyamızın görkəmli nümayəndəsi, drammaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat etmişdir.
Hələ gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Zümrüd quşu”, “Nəriman”, “Nabat xalanın çörəyi” və s. çoxlu sayda kitabları ona Azərbaycan ədəbiyyatında böyük şöhrət qazandırmışdır.
N. Həsənzadənin yaradıcılığında tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər xüsusi yer tuturdu. “Taleyin töhfəsi”, “Bir az möhlət istəyirəm ömürdən”, “Kimin sualı var?”, “Bütün millətlərə”, “Mənim nikahımı pozdu təbiət”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında şairin vətənpərvərlik ruhunda yazılmış şeir, poema və dramları ədəbiyyatımızı həm özünəməxsus tərzdə zənginləşdirib, həm də oba xüsusi rəng qatıb.

Nəriman Həsənzadənin yaradıcılığı türk dünyasının ortaq mənəvi dəyərləri ilə sıx bağlıdır. O, türk xalqlarının ortaq tarixini, mədəniyyətini və mənəvi birliyini poeziyasında böyük ustalıqla əks etdirib. Əsərləri Türkiyə başda olmaqla müxtəlif türk respublikalarında oxunur, araşdırılır və yüksək qiymətləndirilir. Türk dünyasının ortaq ədəbi-mədəni dəyərlərinə xidmət edən bu yaradıcılıq şairin beynəlxalq nüfuzunu daha da artırmışdır. Məhz buna görə də bir çox ədəbiyyatşünaslar onu müasir türk poeziyasının görkəmli nümayəndələrindən biri hesab edirlər.
Nəriman Həsənzadənin əsərləri əsasında xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” tamaşaları hazırlanmışdır.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə dövlətimiz tərəfindən Nəriman Həsənzadə daim yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına və digər fəxri mükafatlara layiq görülmüşdür.
Nəriman Həsənzadə eyni zamanda uzun illər ATXƏM İB-nin tədbirlərində fəxri qonaq olaraq iştirak etmişdir. Təşkilatımızın hər il ənənəvi olaraq Qafqaz İslam Ordusunun Bakını 1918-ci ildə erməni-bolşevik işğalçılarından azad etməsi ilə bağlı keçirdiyi tədbirlərdə Nuru paşa poeması tanınmış aktyor Midhət Aydının ifasında tədbirin xüsusi bir hissəsinə çevrilmişdir.

Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
ATXƏM ailəsi adından












































