
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb.
Newscenter.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bir çox şirkətlər bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirmək üçün maraq göstərirlər: "Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək".
"Böyük Qayıdış təkcə insanların öz evlərinə dönməsi demək deyil, bu, eyni zamanda biznesin, təhsilin, xidmət sektorunun, yeni ideyaların və imkanların qayıdışı deməkdir"- deyən Vahid Hacıyev bildirib ki, dövlət bu prosesin uğurla həyata keçirilməsi üçün zəruri şərait yaradır:
"Bu istiqamətdə vergi və gömrük güzəştləri tətbiq olunur, sahibkarlar üçün maliyyə mexanizmləri yaradılır, investorlara geniş dəstək göstərilir. Nəticədə bölgədə kənd təsərrüfatı, logistika, xidmət sektoru, turizm və mədəniyyət kimi prioritet sahələr sürətlə inkişaf edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki əsas iqtisadi zona yaradılıb. Onlardan biri Ağdam Sənaye Parkı, digəri isə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasıdır. Araz Vadisi İqtisadi Zonasında artıq 19-dan çox rezident şirkət fəaliyyət göstərir və ya layihələrini həyata keçirir. Bəzi müəssisələr artıq istifadəyə verilib və bu gün bölgəyə qayıdan sakinlər həmin müəssisələrdə çalışırlar".












































