
2026-cı il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident Cənab İlham Əliyev Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayaraq, müttəfiqlik münasibətlərinə dair Müqavilənin imzalanmasını əməkdaşlıq tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev həmçinin energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə sahəsi və digər istiqamətləri əhatə edən mühüm ikitərəfli sənədlərin imzalandığını, bunun isə əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirdiyini qeyd etmişdir. Dövlət başçısı qarşılıqlı ticarət dövriyyəsinin artdığını, investisiya əməkdaşlığının genişləndiyini, Azərbaycan–Qırğızıstan Fondunun xətti ilə yeni layihələrin istifadəyə verildiyini və bir sıra təşəbbüslərin icrasına başlanıldığını bildirərək, gələcəkdə də birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində razılıq əldə olunduğunu diqqətə çatdırmışdır.
Yekun olaraq bildirmək istərdim ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir və dost ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərini davamlı şəkildə inkişaf etdirir. Qırğızıstanla əməkdaşlığın yeni məzmun qazanması, əldə olunan razılaşmalar və birgə həyata keçirilən layihələr iki qardaş dövlət arasında strateji tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını bir daha nümayiş etdirir. Şübhəsiz ki, bu münasibətlərin gələcəkdə daha da genişlənməsi həm Azərbaycan və Qırğızıstanın milli maraqlarına, həm də Türk dünyasında həmrəyliyin və regional əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcəkdir.
Ülviyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı












































