
"2026-cı ilin ilk 6 ayında Azərbaycanın xarici iqtisadi mövqeyində ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dəyişiklik baş verib. Cari əməliyyatlar balansının profisiti 2,3 milyard dollardan 4,7 milyard dollara yüksəlib. Başqa sözlə, profisit təxminən 2 dəfə artıb. Onun ÜDM-ə nisbəti də 6,3%-dən 12,4%-ə yüksəlib".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti 23,6% artaraq 7,3 milyard dollardan 9 milyard dollara yüksəlib:
"Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 13,7% azalaraq 5 milyard dollardan 4,3 milyard dollara düşüb. Bu, ümumi tədiyə balansı baxımından mühüm müsbət dəyişiklikdir. Xarici ticarət dövriyyəsi 20,3 milyard dollardan 22,4 milyard dollara yüksəlib. Xarici ticarət balansının profisiti isə 4,1 milyard dollardan 6,2 milyard dollara çatıb. Artım təxminən 51% təşkil edir. Əmtəə ixracı 16,9% artaraq 12,2 milyard dollardan 14,3 milyard dollara yüksəlib. Bunun əsas hissəsi neft-qaz ixracının 10,5 milyard dollardan 12,3 milyard dollara yüksəlməsi ilə bağlıdır".
İqtisadçı bildirib ki, burada vacib bir məqamı nəzərə almaq lazımdır:
"2026-cı ilin aprel ayında əvvəlki illərdə alınmış qızılın böyük həcmdə satışı həyata keçirilib. İlk 3 ayda Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollar olduğu halda, aprel ayındakı satışdan sonra ilk 4 ay üzrə qızıl ixracının özü 3,6 milyard dollara çatıb. Buna görə də 2026-cı ilin ilk yarısında xarici sektor göstəricilərində müşahidə edilən güclü dinamikanı qiymətləndirərkən bu birdəfəlik iri qızıl satışının yaratdığı effekti də nəzərə almaq lazımdır. Yəni göstəricilərdəki yaxşılaşmanın müəyyən hissəsi istehsal və ənənəvi ixracın genişlənməsindən deyil, aprel ayında həyata keçirilmiş böyük həcmli qızıl satışından qaynaqlanır.
Xam neft ixracı 6,5 milyard dollardan 7,6 milyard dollara, təbii qaz ixracı 3,7 milyard dollardan 4,2 milyard dollara, neft emalı məhsullarının ixracı isə 0,3 milyard dollardan 0,5 milyard dollara yüksəlib.
Qeyri-neft-qaz ixracında da müsbət dinamika davam edib. 2025-ci ilin ilk 6 ayında 7,6% artım qeydə alınmışdısa, 2026-cı ilin eyni dövründə artım 18% olub və ixracın həcmi 2 milyard dollara çatıb".
Eldəniz Əmirovun sözlərinə görə, digər mühüm müsbət göstərici nəqliyyat xidmətləridir:
"Nəqliyyat xidmətlərinin ixracı 6,6% artıb, idxalı 1,7% azalıb. Nəticədə bu sahədə profisit 9,9% artaraq 856,4 milyon dollardan 941,1 milyon dollara yüksəlib. Nəqliyyat artıq xidmətlər balansına davamlı müsbət töhfə verən əsas istiqamətlərdən birinə çevrilir.
Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlbi də 19,6% artaraq təxminən 0,9 milyard dollara çatıb.
Ehtiyat aktivlərinin reallaşmış hissəsində də ciddi dəyişiklik var. 2025-ci ilin ilk yarısında 274,9 milyon dollar azalma olduğu halda, 2026-cı ilin ilk yarısında 1,4 milyard dollar artım qeydə alınıb".
İqtisadçı diqqətə çatdırıb ki, mənfi dinamika isə bir neçə istiqamətdə müşahidə edilib və bunlardan biri turizm sektprudur:
"Turizm xidmətlərində ciddi zəifləmə müşahidə olunur. Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7% azalaraq 1,7 milyard dollardan 1,4 milyard dollara düşüb. Turizm xidmətləri üzrə ixrac 946,4 milyon dollardan 747,8 milyon dollara enib. Turizm balansının profisiti isə 194,3 milyon dollardan cəmi 47,2 milyon dollara düşüb. Bu, təxminən 76% azalma deməkdir. Azərbaycana gələn xarici vətəndaşların sayının 10,3% azalması da bu dinamikanı izah edən amillərdən biridir.
Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri də böyüyüb. 2025-ci ilin ilk yarısında 705,2 milyon dollar olan kəsir 2026-cı ildə təxminən 1 milyard dollara yüksəlib. Birbaşa investisiyalar üzrə diqqət çəkən başqa məqam xaricə yönəldilən investisiyaların kəskin artmasıdır. Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyalar 1,3 milyard dollardan 5 milyard dollara yüksəlib. Eyni zamanda ölkəyə cəlb edilən birbaşa xarici investisiyalar 3,2 milyard dollardan 3,7 milyard dollara yüksəlsə də, xaricə kapital yönəldilməsi daha sürətli olub.
Bir sözlə, 2026-cı ilin ilk yarısında tədiyə balansının ümumi mənzərəsi 2025-ci ilin eyni dövründən xeyli güclüdür. Əsas yaxşılaşma neft-qaz gəlirlərinin artması, qeyri-neft-qaz sektorunun cari əməliyyatlar kəsirinin azalması, xarici ticarət profisitinin genişlənməsi, qeyri-neft ixracının və nəqliyyat xidmətlərinin artması hesabına baş verib.
Eyni zamanda turizm gəlirlərinin azalması, neft-qaz sektoru üzrə xidmətlər kəsirinin böyüməsi və xaricə yönəldilən birbaşa investisiyaların kəskin artması diqqət tələb edən əsas istiqamətlərdir".
Süleyman












































