
Sentyabrın 28-də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Belarus səfəri çərçivəsində Minskdə Xüsusi İnkişaf Mərkəzi MMC-nin direktoru Dmitri Valeriyeviç Şolomitskiy ilə görüşüb.
Newscenter-az xəbər verir ki, görüşdə iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, ictimai və informasiya əlaqələrinin genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Səmimi və konstruktiv şəraitdə keçən görüş zamanı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi ilə Xüsusi İnkişaf Mərkəzi MMC arasında perspektiv əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan sənəd iki qurum arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin daha sistemli şəkildə qurulmasına və birgə fəaliyyət imkanlarının genişləndirilməsinə hüquqi və təşkilati əsas yaradacaq. Müqavilə çərçivəsində qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və həyata keçirilməsi, informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif tədbirlərin təşkili, təcrübə və məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən diaspor fəaliyyəti, media və ictimai əlaqələr istiqamətində həyata keçirilən layihələrin gələcəkdə Belarusdakı tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində daha da genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub.

Xüsusi İnkişaf Mərkəzi MMC ilə qurulan yeni əməkdaşlığın qarşılıqlı təcrübənin öyrənilməsi, yeni layihələrin hazırlanması və müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi baxımından əhəmiyyətli imkanlar yaradacağı bildirilib.
Sonda DFJD sədri Fuad Hüseynzadə müəllifi olduğu “Böyük Qələbənin varisləri” ("Наследники Великой Победы") kitabını və Azərbaycanla bağlı suveniri Xüsusi İnkişaf Mərkəzi MMC-nin direktoru Dmitri Valeriyeviç Şolomitskiyə hədiyyə edib.
Süleyman












































