
Özbəkistan tərəfi Trans-Əfqan dəmir yolunun tikintisinə 6 ay ərzində başlaya bilər və layihənin icra müddətinin 5 il olacağı gözlənilir. Bunu Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev “Uzbekistan 24” telekanalına müsahibəsində deyib.
Çoriyev bu layihəni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolundan sonra ölkənin “ikinci ən böyük strateji layihəsi” kimi qiymətləndirib.
Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın (FES) hazırlanmasına dair ilkin sazişin imzalanması tərəflərin uzun müddətdir hazırladıqları “ilk və çox vacib addım” idi. Tərəflər öz vəsaitlərini yatırmaq və möhkəm təməl yaratmaq barədə razılığa gəliblər.
"İlkin sazişin imzalanması bütün tərəflərə praktiki addımlara keçməyə imkan verəcək. Bu, FES-in təfərrüatlı işlənməsi, qrunt-geoloji tədqiqatlar, marşrutun müəyyənləşdirilməsi, iqtisadi və maliyyə təhlilidir. Bu, həm də bizə layihəni təkcə özümüz üçün deyil, həm də bütün dünya ictimaiyyəti üçün nümayiş etdirməyə və əsaslandırmağa imkan verəcək", - nazir müavini bildirib.
Çoriyevin sözlərinə görə, İran və Qara dəniz limanlarına çıxış imkanlarına baxmayaraq, Özbəkistan üçün dənizə ən qısa yol Pakistanın Kəraçi limanlarına aparan Trans-Əfqan dəhlizidir.