
Rayona təşkil edilən media turdan əldə edilən qənaət
Respublikanın hər bir bölgəsində olduğu kimi İsmayıllı rayonunda da Milli Mətbuatın yaranmasının 150 illiyi silsilə tədbirlərlə yadda qalıb. Belə ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin İsmayıllıya media turu baş tutub.

Newscenter.az-ın əməkdaşının da iştirak etdiyi mediatur zamanı qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Daha sonra İsmayıllı rayonundakı Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz ziyarət olunub.

Səfər proqramına uyğun olaraq media nümayəndələri rayonun bir sıra turizm istirahət mərkəzləri və istehsalat kompleksləri ilə tanış olublar.

Əvvəlcə İsmayıllının İvanovka kəndində yerləşən Ohio Inn & Cafe hotelini ziyarət edilib.
Otelin yerləşmə məkanı, malik olduğu imkanlar onu deməyə əsas verir ki, bura sadəcə hotel deyil, təbiət qoynunda yerləşən anılmaz bir istirahət məkanıdır.

“Ohio Inn” ailənizlə birgə rahat otaqlarda dincələ, restoranının mətbəxindən milli və xarici təamlardan dada, bir sözlə unudulmaz xatirələr yaşaya bilərsiniz.

KİV təmsiçilərinə məlumat verilib ki, Ohio Inn & Cafe İvanovkada yerləşən ailəyə məxsus qonaq evidir. Bu qonaq evi dörd standart otaq və bir daha böyük otaqdan ibarətdir. Bütün otaqlarda xüsusi balkon və xüsusi vanna otağı mövcuddur.

Bu yerdə bir məqamı da qeyd etmək yerinə düşər ki, ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hər bir rayonda olduğu kimi İsmayıllıda da uğurla reallaşdırılıb, proqram çərçivəsində qarşıya qoyulan məqsəd və vəzifələr yüksək səviyyədə icra edilib. Dövlət Proqramı çərçivəsində rayonda açılan bir sıra istehsal və emal müəssisələri təkcə məşğulluğun təmin olunması deyil, eyni zamanda daxili istehsalın artması, həmçinin yerli məhsulların xarici bazarlara çıxış imkanı əldə etməsinə zəmin yaradıb. Bu sıraya İvanovka sovqatları qənnadı zavodunu əlavə etmək olar. Burada qənnadı məhsulları “İvanovka sovqatları” adı ilə istehsal edilir. Bu müəssisənin inşası Prezident İlham Əliyevin tövsiyəsi əsasında inşa edilib. İstehsal müəssisəi kəndin sosial-iqtisadi inkişafında müsbət rol oynayır. “İvanovka sovqatları” MMC-nin inşa etdiyi zavodun sutkalıq istehsal gücü 15 tondur. Zavodda 3 növbədə 180 nəfər işçi çalışır və burada 70 adda qənnadi məhsulları istehsal edilir.

Media nümayəndələri mediatur çərçivəsində rayonun Talıstan, Xanagah kəndlərində olub, yeni istifadəyə verilən Maqnolia Hotel, Runaway house, Castle otellə tanış olublar.

Səfərin sonunda media nümayəndələri üçün Castel Resort Spa-da RİH başçısının da iştirakı ilə yemək süfrəsi təşkil edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb. İcra hakimiyyətinin başçısı Ümummilli Liderin mediaya dəstəyinin, diqqət və qayğısının günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Nahid Bağırov bildirib ki, media da öz növbəsində dövlətin ona olan diqqət və qayğısından irəli gələrək Azərbaycana, onun haqq işi uğrunda mübarizəsinə şərəflə xidmət edir.
Media nümayəndələri də onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.
Sonda Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi ilə əlaqədar mətbuat nümayəndələrinə media sahəsindəki fəaliyyətinə görə RİH başçısının Təşəkkürnamə və hədiyyələri təqdim olunub.
Ruhiyyə Mehdiyeva
Bakı-İsmayıllı-Bakı