
"Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir.
XXX
Mövzu ilə bağlı həmsöhbətimiz olan siyasi ekspert Azər Qasımov qeyd edib ki, dövlətin özəyini təşkil edən və onun gələcəyini müəyyən edən gənc nəslin varlığı hər bir dövlətin mənəvi dəyəridir, dövlətin gələcəyinin qarantiyasıdır. Gənclik enerji, dinamika, axtarış, intuziazm deməkdir. Gənc nəslin milli-mənəvi dəyərlər, milli ruhda tərbiyə edilməsi dövlətin ən prinsipial məsələsi olmalıdır. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı ilk növbədə özünü gənc nəslə olan təsiri ilə özünü göstərir. Gənclər bu təsirlərə daha çox məruz qalır. Texnologiyanın inkişafının müsbət və mənfi amilləri daha çox gənclərin üzərində rol oynayır. Onların gündəlik həyatına daha çox daxil olur. Bu da gənc nəslin psixoloji durumundan asılı olaraq öz təsirini göstərir, onların mənəvi statusunu təyin edir. Göründüyü kimi dövlət öz gələcəyinin əmin əllərdə olması üçün gənc nəslin formalaşmasını daim diqqətdə saxlamalı və onu idarə etməyə borcludur. Bu, çox mürəkkəb və vacib vəzifə kompleks tədbirlər tələb etməklə yanaşı xüsusi dövlət proqramları tələb edir, dövlətin üstünə böyük vəzifələr qoyur. Təbii ki, dövlət öz öhdəliyini yaxşı bilir, başa düşür. Gənc nəslin inkişafı üçün ehtiyac duyulan addımları atır və atmağa çalışır.
Azərbaycan dövlətinin də öz gələcəyinə ümidlə baxması üçün amillər arasında gənc nəslin çoxluğu belə düşünməyə əsas verir.
XXX
O, qeyd edib ki, Azərbaycan gəncliyi intellektli, bacarıqlı, cəsur, döyüşkən gənclikdir. Azərbaycan gənci öz üzərinə düşən məsuliyyəti yaxşı anlayır, başa düşür. Məsələ ondadır ki, bu gənclər İkinci Qarabağ müharibəsinin başladığı andan etibarən torpaqlarının müdafiəsinə kimsənin təsiri olmadan öz istəkləri ilə qalxdılar. Hərbi kommisarlıqların qarşısında cəbhəyə getmək üçün yüzlərlə gənc toplandı və onların əksər hissəsi cəbhəyə yollandı. Onları buna heç kim məcbur etməmişdi. Bu, onların öz torpağına, dövlətinə bağlılığının əlaməti idi. Onların bir hissəsi şəhid, qazı oldu, amma bunu belə şərəflə gözə aldılar. Çünki qeyd edilənlər sadəcə sözdən ibarət deyildi. Bunu isbat edən bir çox epizodlar, hadisələr hər kəsin gözü önündə cərəyan edir, bütün Azərbaycan xalqı bunlara şahidlik edirdi. Azərbaycan gənci bu müharibədə çox böyük igidliklər göstərdi. Torpaqların işğalçılardan geri alınması minlərlə gəncin şəhidliyi, qaziliyi bahasına başa gəldi. Azərbaycan xalqı öz qəhrəman gənclərini unutmur, daim göz önündə tutur.

Azərbaycan gəncliyi təhsilə önəm verir, oxumağa meyllidir, xüsusən də, xarici ölkələrdə təhsil almağa. Gənclərin böyük əksəriyyəti yaxın və uzaq ölkələrdə ali məktəblərdə təhsil alırlar. Onların bir hissəsini ölkədəki Ali məktəbləri bitirən kadrlar təşkil edir ki, təhsillərinin davamını daha prestijli universitetlərdə davam etdirirlər. Bunun özü Azərbaycan gəncliyinin təhsil səviyyəsinin göstəricisidir. Azərbaycanda tibb təhsili almış bir çox tibbi kadrların Almaniyaya daha yüksək səviyyədə tibb sahəsinin incəliklərinə yiyələnmək üçün təhsil ardınca getməsi Azərbaycan səhiyyəsinin gələcək perspektivdə inkişafı üçün yaxşı zəmin hazırlayır. Bunun üçün xarici dillərin öyrənilməsi isə, xüsusən də Alman dilinin daha yüksək səviyyədə müxtəlif kateqoriyalarda mənimsənilməsi, tibbi anlayışlar səviyyəsində öyrənilməsi gənclik üçün ən çətin, amma mümkün olan səviyyədir. Beynəlxalq dil olan İngilis dilinin öyrənilməsi isə Azərbaycanda artıq adi hal alıb. Rus dili isə bir çox azərbaycanlı yeniyetmə və gənclər üçün ikinci dil kimi mənimsənilib. Təbii ki, dil öyrənilməsindəki müxtəlufliklər gənc nəsil üçün dünyaya çıxışı asanlaşdırır: “Amma bu, ana dili olan Azərbaycan dilinin bu dillərdən daha çox öyrənilməsini, akademik səviyyədə mənimsənilməsini özündə ehtiva edir. İkinci, üçüncü, hətta beşinci dil öyrənmək olar, amma ana dilinin öyrənilməsi bütün dillərdə danışmaqdan daha prestijlidir. Bu, bir şüar xarakterli cümlə deyildir. Məsələ ondadır ki, ana dilində öyrənilən digər dillərdən daha yüksək səviyyədə biliyə sahib olunması insanın daxili zənginliyini artırır ki, bu da öz növbəsində öyrənilən dillə müqayisəli vərdişlər formalaşdırır. Nəticədə həm ana dilində, həm də xarici dildə daha dolğun biliklər formalaşır. Mövzunun bu yerinin xüsusi vurğulanması vacib olan tərəfi odur ki, gənclik xarici dil öyrənməklə ana dilində danışmaqdan yan keçməməlidir. Müxtəlif dillərlə yanaşı ana dili ilə də daim məşğul olmalıdır. Hesab edirəm ki, Azərbaycan gəncliyi bu nüanslara fikir verir və bundan sonra da verəcəkdir”.
XXX
Müasir dünyada gənc nəslin din anlayışını necə və hansı rakursdan öyrənilməsi, ona əməl etməsi problemli olsa da, bu, gəncliyin yox, din anlayışının bir çox səbəblərdən siyasiləşməsi, məzhəbləşməsi, qütbləşməsi, mənfəətləşməsi, hətta bir silaha çevrilməsi problemləri səbəbindəndir. Gənc nəsil öz dininə bağlı nəsildir. Amma bu qədər xarici faktorların, təbliğatın içərisində ən doğru olanın seçilməsi də çətin və məsuliyyətli məsələdir. Gənc nəslin daha məntiqli məsləhətlərə ehtiyacı var və onlar dünyanın getdiyi yolla getməlidirlər. Məntiqin, ağlın göstərdiyi yolla getməlidirlər. Xürafatın, dini uydurma əfsanə və hadisələrin təsiri altında kor-koranə uçuruma doğru yox.
Azərbaycan gənclərinin içərisində dini yolla gedən, amma məntiqi, ağlı da kənara qoymayan gənclər çoxdur, amma dini fanatizm yolu tutanların da olduğunun şahidi oluruq. Hesab edirəm ki, onlar təsir altına düşüblər və onları belə yollardan ancaq dövlətin məqsədyönlü və düşünülmüş siyasəti xilas edə bilər. Təbii ki, onların xilas olmağa ehtiyacları olduğundan xəbərləri yoxdur. Amma dövlət öz gəncinin gələcəyini din pərdəsi altında şəxsi maraqlar güdən qüvvələrin öhdəsinə buraxa bilməz. Gənclik bu məsələlərdə xüsusi ilə ayıq-sayıq olmalıdır:
“Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişdirilməsi məsələsi və ya Azərbaycan gəncinin Azərbaycan cəmiyyətinə vətənpərvərlik ruhunu aşılanması məsələsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan gənci öz qəhrəmanlığı, igidliyi, işğal edilmiş torpaqları azad etməyi ilə Azərbaycan cəmiyyətinin özünə vətənpərvərlik dərsi keçdi. Azərbaycan gənci artıq özü bir müəllimdir. Vətənpərvərlik dərsi öyrədən müəllim. Onun bəlkə də başqa mövzularda müəllimə ehtiyacı ola bilər, amma vətənpərvərlik mövzusunda Azərbaycan gənci artıq öz isbatını tapmış, sübuta yetirmiş, özlərindən böyüklərə belə dərs öyrədən müəllimdir. Eşq olsun Azərbaycan gəncliyinə!
Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir”.
Azərbaycan gəncliyi öz tarixinə, öz kökünə, öz gen yaddaşına bağlı gənclikdir. Qarabağ zəfəri ilə formalaşan yeni nəsil üçün artıq bir üst mərhələ daha da yeni ünvanlar əldə etmək bacarığı olmalıdır. Bu, tək təhsildə, elmdə, idmanda deyil, dövlət idarəçiliyində, cəmiyyətin inkişafının yeni modellərinin yaradılmasındakı bacarığı ilə olmalıdır. Gənc nəsil öz gücünü bu günə kimi əldə olunan uğurları daha böyük uğurlara, dünya miqyasında Azərbaycanın adının yüksəklərə qaldırılması üçün sərf etməlidir. Bunun üçün intuziazm göstərməlidir. Yeni təkliflərlə, fikirlərlə çıxış etməlidir. Siyasi arenada aktivliyi ilə seçilməlidir. Hesab edirəm ki, Azərbaycan gəncliyi belə potensiala sahibdir və öz yolunu dövlətin nəzarətində özü cızacaqdır. Fikrimcə, Azərbaycan dövləti də bunda maraqlıdır. Aparılan siyasət belə düşünməyə əsas verir. Gənclərin daim müxtəlif sahələrdə irəli çəkilməsi, bütün sahələrin gəncləşdirilməsi tendensiyası davamlı xarakter alır. Gənclərə daha çox sərbəstlik verilir. Onların potensialından istifadə edilir. Azərbaycan gəncliyi daim öz mövqeyini cəmiyyət içərisində gücləndirməklə öz gələcəyinə yatırım edir. İndinin gənci öz gələcək nəslinə yeni və daha inkişaf etmiş Azərbaycan buraxmaq üçün daha fəal fəaliyyət göstərməlidir. Ata-babalarının qurduğu və bu günə götürdüyü Azərbaycanın üçrəngli bayrağının daha da ucalara qaldırmaq ümidi ilə Azərbaycan gəncliyinə uğurlar diləyirik!
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər