Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri

Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri


"Azərbaycan Türk dünyası çapında bir çox ilklərə imza atmış aparıcı ölkə kimi tanınır. Vaxtilə Birinci Bakı Türkoloji qurultayına da məhz bizim paytaxtımız ev sahibliyi edib".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın gələn il 100 ili tamam olacaq:

"Bu münasibətlə Prezident İlham Əliyev ötən gün ayrıca Sərəncam imzaladı. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, 1926-cı ilin fevralında Bakıda təşkil olunmuş Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubiley tədbirləri keçiriləcək. İlk Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Prezidentin qərarı təqdirəlayiq addımdır.
Sərəncamda Bakı şəhərinin XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etdiyini vurğulayan Prezident İlham Əliyev həmin tarixi qurultayda irəli sürülən bir çox ideyaların müasir dövrümüzdə uğurla gerçəkləşdirildiyini və hazırda türk dövlətləri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində atılan addımların davamlı xarakter aldığını qeyd edib: "Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır".

Komitə sədrinin sözlərinə görə, dövlət başçısı onu da bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində öz əksini tapıb:

"Yeri gəlmişkən, həmin çağırışın müəllifi də məhz Prezident İlham Əliyev idi. 20-ci yüzilin əvvəllərində Azərbaycanın və o cümlədən bütün Türk dünyasının mədəni və ictimai-siyasi həyatında baş vermiş ən mühüm hadisələrdən biri kimi tarixə keçən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi qərarı həm keçmişə sayğının nümunəsi, həm də gələcəyə yön verəcək ortaq iradənin göstəricisidir.

Yüz il bundan öncə olduğu kimi bu gün də ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyası və siyasi, iqtisadi, hərbi birliyi öz aktuallığını saxlayır. Bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi türk xalqlarını və dövlətlərini bir-birinə daha da yaxınlaşdıracaq və ortaq əlifba, ortaq dil istiqamətində birgə addımların atılmasını daha da intensivləşdirəcək. Azərbaycan latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsinin ilk təşəbbüskarı olan ölkə kimi Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərinə ev sahibliyi etməklə bütün türk xalqlarını yenidən bir araya gətirəcək. Bu, bütün Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri olacaq".

Süleyman
Xəbəri paylaş