
"Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən keçməsinə imkan yaradılacağı ilə bağlı bəyanatla, Prezident İlham Əliyev ilk dəfə Qazaxıstan səfərində çıxış etdi. Artıq prosesə start verilib və Qazaxıstan taxıl məhsulları Ermənistana yola salınıb. Təbii ki, bu iqtisadi əməkdaşlığın başlanğıcıdır".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millt vəkili bildirib ki, Cənab Prezidentin çağırışına baş nazir Paşinyan dərhal müsbət reaksiya verdi və Azərbaycan yüklərinə Ermənistan ərazisindən Naxçıvana daşınması üçün şərait yaradacaqlarını bildirdi:
"Şübhəsiz, iqtisadi əməkdaşlıq münasibətlərin normallaşmasını şərtləndirir, sülhə gedən yolu yaxınlaşdırır, tərəflər arasında etimad mühitini artırır.
Xalqımız yaxın tarixdə erməni separatçılığı nəticəsində işğalla üzləşib, itkilər verib, çox ağrılar çəkib. Bunları tezliklə unutmaq mümkün deyil. Ancaq, gələcəyimiz naminə, regionda dayanıqlı sülhün əldə olunması üçün əməkdaşlıq etməliyik. Bu da hər şeydən əvvəl iqtisadi münasibətlərdən keçir".
Süleyman