
Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırması rəsmi Bakının tarixi jesti kimi qiymətləndirilməlidir.
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq qurulmuş sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
"İkinci bir tərəfdən Azərbaycanın bu addımı bizim sülhdə nə dərəcədə maraqlı olduğumuzu bütün dünyaya nümayiş etdirir və cənab Prezidentin də dediyi kimi bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Rəsmi Bakı atdığı addımlarla sübut edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar bizim üçün sadəcə bəyanatlar deyil, real nəticələrə söykənən mövqedir. Ermənistanın bu gün ehtiyacı olan buğdanı Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana daşınmasına şəraitin yaradılması həm də siyasi anlamda kommunikasiyanın açılması, blokadanın aradan qaldırılması deməkdir. Şübhəsiz ki, Azərbaycanın bu addımı təkcə Ermənistan cəmiyyətində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunur".
Politoloq deyib ki, rəsmi Bakının bu addımı həm də çox uğurlu diplomatik gedişdir:
"Bundan sonra sülhün davamlı olması və kommunikasiya xətlərinin açılması məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür. Belə ki, Azərbaycan tərəfindən ortaya qoyulan xoş niyyətin Ermənistan tərəfindən düzgün qəbul edilməsi və buna uyğun addımlar atılması lazımdır. Yəni, Ermənitsan tərəfi anlamalıdır ki, Azərbaycanın jestinə adekvat münasibət göstərilməməsi halında yük tranziti ilə bağlı aradan qaldırılan maneələrin davamlı olmaması ehtimalı var".
Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycan sülhdə və eləcə də ikitərəfli münasibətlərin bərpasında səmimi olduğunu, ərazilərmizidən keçən nəqliyyat dəhlizlərindən sülh ququruculuğu üçün istifadəyə hazır olduğunu nümayiş etdirdi:
"Atılan addım Ermənistan üçün həm də regional iqtisadi sistemə inteqrasiya imkanı verə bilər və o cümlədən Rusiyadan asılılığın azalmasına səbəb ola bilər. Odur ki, bu prossesin davamlı olması üçün Ermənistanın da konkret addımlar atması və sülhə hazır olduğunu nümayiş etdirməsi lazımdır. Bəyantlarla yox, real addımlarla. Real addımlar isə Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətin sürətləndirilməsi və özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Konstitusiyaya dəyişikliklərin edilməsindən ibarətdir".
Süleyman