
Xarici ölkələrə müxtəlif səbəblərdən köç edən vətəndaşlarımız həmişə öz doğma elinə, dövlətinə, vətəninə bağlılığını nümayiş etdirib. İstisna hallar ola bilər. Vətənə xəyanət silsiləsində kimlərinsə istəyi ilə yaramazlıq edənləri kənara qoyuram. Onların istəkləri də, arzuları da bu prosesə vadar olunanların, vadar etdikləri subyektin havasına oynayanların maraqlarına xidmət edir.
Bütün dünya ölkələrində digər dövlətlərlə iş və ya digər məsələlərlə bağlı qarşılıqlı inteqrasiya prosesi baş verir. Daha çox böyük sayılan dövlətlərlə bu inteqrasiya daha geniş şəkildə həyata keçirilir və bunun da bəlli səbəbləri var.
Lakin böyük dövlətlər özlərini həqiqətən də bütün mənalarda “böyük” kimi aparmağı bacarırlarmı? —Xeyr.
İndiki dünya səhnəsindəki siyasi mənzərə göstərir ki, heç də hər şey elə göründüyü kimi deyil.
Bu gün Rusiyada azərbaycanlılara, hətta millət olaraq öz vətəndaşlarına qarşı aparılan təzyiqlər bir növ səlib yürüşünü xatırladır və bu, vəziyyətin bariz nümunəsidir. Azərbaycanlılar isə hər zaman öz qürurları, bizə məxsus yüksək dəyərləri və əməksevərliyi ilə, xüsusən də Rusiyada, öz töhfələri və faydalı fəaliyyəti ilə seçiliblər.Lakin bu gün Rusiyada soydaşlarımıza qarşı nümayiş etdirilən amansızlıq, ayrı-seçkilik, basqı və zorakılıq imperiyanın varisi olan bir ölkəyə yaraşırmı? Bu, böyük dövlətə xas olan siyasi yanaşmadırmı? Qeyri-millətlərə, xüsusilə də soydaşlarımıza qarşı sərgilənən millətçi və irqçi münasibət – klassik bir ksenofobiya nümunəsidir.
Bəs bizə qarşı bu qorxu və nifrət haradan yaranır? Bəs bu milli ayrı-seçkiliyin və etnik diskriminasiyanın arxasında nə dayanır?
Müttəfiqlik sazişimiz ola-ola, müttəfiq ölkəyə qarşı belə münasibətin göstərilməsi — sizin şovinist təfəkkürünüzün bariz nəticəsidir.
Bu problemin daha da vüsət almasında maraqlı olan qüvvələr, əslində, özlərinin düşdüyü siyasi, iqtisadi və hərbi böhranın aqressiyasını bu şəkildə üzə çıxarırlar. Biz bunu ilk dəfə görmürük.
Bu cür olmasa da, daha yumşaq formalarda etnosentrizm yanaşmanın hədəfi olmuşuq.
Lakin bu ölkənin belə davranışı, əvvəllər formalaşan münasibətlər sisteminə qətiyyən yaraşmır və onu sarsıdır. Siyasətdə siyasi liderlərin dünya görüşü, düşüncə tərzi, siyasi nəzəriyyələri bilmələri və siyasi texnologiyalara müdrik yanaşmaları münasibətlər sistemində mühüm rol oynayır.
Məhz bu amillər sayəsində bu gün ölkəmizin qlobal siyasətdə, beynəlxalq münasibətlərdə mövqeyi və yeri tamamilə fərqli səviyyəyə yüksəlib. Bu, bizim ümummilli uğurumuzdur — siyasi liderimizin uğurudur, dövləti uğurla idarə edən rəhbərin uğurudur, xalqımızın və dövlətimizin uğurudur.Siz, düşdüyünüz və özünüzü saldığınız vəziyyətin aqressiyası ilə ölkəmizi hansı fəlakət dənizinin dibinə doğru yüksək sürətlə yuvarladığınızın fərqində deyilsiniz.
Bu gün bəzi siyasi zırramalar bu vəziyyətdən istifadə etmək üçün fürsət axtarırlar.
Çünki milli şüura malik olmayan qurumlar və onların guya gizli amma əslində hamının bildiyi kiçik siyasi dairələri fəaliyyətlərini gücləndirərək, ölkəmizə qarşı təhdid dili ilə danışmağa cəhd göstərirlər. Onlar dövlətimizə qarşı təzyiq yaratmağa çalışanların dəyirmanına su tökmək üçün əllərindən gələni edirlər.
Lakin bir şeyi unudurlar ki, dövlətimizin hüdudları daxilində və hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız milli birliyimizi, sadiqliklərini və həmrəyliyimizin inkişafı, möhkəmlənməsi üçün etimad göstərdikləri siyasi rəhbər cənab Prezidentimizin ətrafında birləşərək dövlətimizi düşmənlərdən qorumaq məqsədilə çoxdan düşmən çəpəri yaratmışıq.O düşmən çəpərinin tikanları sizə batanda səsinizi çıxarmayın.
Çünki o səsləri eşidənlər hayınıza gələ bilməz, çünki həmin tikanlar çoxdan onların əzalarındadır. Bu hayküylərdə də ondan yaranıb.
Yeri gəlmişkən, “şura” sözünün mənası məşvərət, məsləhət deməkdir.
Amma Sovetin siyasi ideologiyası ilə yaranan şura hökumətinin şurası, o ideologiyaya xidmət edənlərin kiçik məclisidir. Yarandığı tarix, yaradanların kimliyi və yaratma sifarişini verənlərin kimliyi buna sübutdur.
Prosesi biləndən sonra oradan tərk edənlərin mövqeyi tam aydınlıq verir ki, siz kimin zırramasısınız.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri