
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) beynəlxalq təhsil və biznes layihələrində fəaliyyətini genişləndirərək yeni əməkdaşlığa start verdi. Bu çərçivədə TimeLine şirkəti ilə rəsmi tərəfdaşlıq əlaqələri quruldu.
Newscenter.az-a ATUİAB-dan bildirilib ki, əməkdaşlıq çərçivəsində TimeLine şirkəti Tacikistan Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Xocənd şəhərindəki Sənaye və Xidmət İnstitutunun Azərbaycan və Orta Asiya üzrə rəsmi nümayəndəsi oldu.

Xocənd Sənaye və Xidmət İnstitutu Tacikistanda ilk dəfə olaraq duall təhsil sistemini tətbiq edən qabaqcıl ali təhsil müəssisəsidir. Bu modelə əsasən tələbələr təhsillə yanaşı real müəssisələrdə praktiki fəaliyyət göstərir, əmək kitabçası açılır, həm də oxuduqları dövrdə əməkhaqqı alırlar. İnstitut məzunları həm yüksək ixtisaslı kadr kimi formalaşır, həm də məzun olduqdan sonra daimi işlə təmin olunurlar.
ATUİAB-ın bu əməkdaşlığı sayəsində Azərbaycanın və ümumilikdə Orta Asiya regionunun gəncləri üçün yeni təhsil imkanları açılacaq, tələbələrə həm nəzəri bilik, həm də praktiki bacarıq qazandırılacaq. Bu layihə həmçinin regionda təhsil, biznes və innovasiya mühitinin daha da yaxınlaşmasına töhfə verəcək.
Süleyman